ABŞ və Rusiya dalaşır, Azərbaycan qazanır – Qafqaz Bakının nəzarətinə keçir

ABŞ və Rusiya arasında gedən geopolitik mübarizə bir çox regionda münaqişələri aktivləşdirib. Həmin regionlardan biri də Cənubi Qafqazdır.

Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi bu iki qlobal oyunçunun gücünü nümayiş etdirdiyi əsas münaqişələrdən hesab edilir. Bununla belə rəsmi Bakı regionun poliqona çevrilməməsi üçün əlindən gələni edir. Ermənistan bir çox hallarda ABŞ və Qərbin təhriki, habelə, dəstəyinə arxayın olub gərginlik yaratmaq istəsə də Bakı təmkinli duruşunu pozmur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan beynəlxalq münasibətləri üzrə ekspert Əziz Əlibəyli deyib ki, ABŞ və Rusiya arasında gedən rəqabət region oyunçuları üzərindən formalaşır:

Əziz Əlibəyli

“Gürcüstan Qərbə arxayın olub tamamilə fərqli siyasət yeridir. Ermənistan isə uzun zaman sonra Rusiyadan uzaqlaşaraq Qərbə doğru yön almağa başlayıb. Burada xüsusilə Azərbaycana fokuslanmaq lazımdır.

Rəsmi Bakı digər iki ölkədən fərqli olaraq balans siyasətinə üstünlük verir. Azərbaycanın bu siyasi yanaşması həm də regionda daha sərbəst, müstəqil siyasət yeritmə imkanları yaradır.

Azərbaycan bir mərkəzin yanında olmaqdansa bütün güc mərkəzlərinə xitab edir və onlara eyni yanaşma sərgiləyir. Misal üçün, birinci mərhələdə Azərbaycan Türkiyə ilə müttəfiq oldu. İkinci mərhələdə bənzər addım Rusiya ilə də atıldı. Üçüncü etapda isə Bakı Qərbin enerji tərəfdaşına çevrildi. Yəni göründüyü kimi üç mərkəz ilə mühüm razılıqlar əldə edildi.

Azərbaycanın bu yanaşması nəticə etibarilə regionda sülhün qorunmasına gətirib çıxarır. Regionu təhdid elementlərindən uzaq tutmaq, dayanıqlı sülhü təmin etmək başlıca prioritetdir. Bu da gələcəkdə regional layihələrin reallaşması üçün mühüm nailiyyətdir”.

Turan Rzayev
Globalinfo.az