Globalinfo.az politoloq Elçin Mirzəbəylinin müsahibəsini təqdim edir:
– Elçin bəy, fevralın 12-də Ermənistanın sərhəd təxribatının izahı nədir?
– Sərhəd bölgəsində Azərbaycan hərbçisinin yaralanması ilə nəticələnən hadisə düşünülmüş, planlaşdırılmış təxribatdır. Qənaətimə görə, bunun sübuta ehtiyacı yoxdur.
Görüntüləri izlədim. Bu təxribatdan öncə həm Ermənistan cəmiyyətində baş verənləri, həm erməni mediasının hazırladığı “şərh”ləri, həm də Avropa İttifaqının Ermənistandakı missiyasının təhrikçi davranışlarını müşahidə edirəm. Təsəvvür edin, bu təxribatdan öncə erməni ekspertləri sanki düyməyə basılıbmış kimi, bir ağızdan Ermənistan ordusundakı hərc-mərclikdən, intizamsızlıqdan danışırlar. Bununla paralel olaraq, Avropa İttifaqının “binokl agentləri”nin təhrikçi hərəkətləri daha qabarıq şəkildə özünü büruzə verir. Məqsəd isə ondan ibarətdir ki, Ermənistanın təxribatlarına susan hərbçi və casuslardan ibarət “missiya”nın təmsilçiləri Azərbaycanın müdafiə xarakterli, yaxud təxribatların qarşısının alınmasına yönəlmiş addımları ətrafında hay-küy yaratsınlar, bölgədə müharibə təhlükəsi olduğu barədə saxta “həyacan siqnal” çalısınlar və guya Ermənistanın müdafiəyə ehtiyacı olduğunu önə çəkərək, bu ölkəni silahlandırmaq üçün bəhanə əldə etsinlər.
– Prosesin arxasında hansı güc dayanır: Rusiya, Aİ, yoxsa üçüncü bir qüvvə?
– İndiki halda prosesin arxasında Rusiyanın dayandığını söyləməyə heç bir əsas yoxdur. Təhrikçi davranışları sərgiləyənlər göz qabağındadır.
Məlum olduğu kimi Avropa İttifaqı “Avropa Sülh Fondu” adlandırılan, əslində isə “müharibə fondu” olan təsisat çərçivəsində Ermənistana hərbi yardım göstərməyi planlaşdırır. Bu fond, əslində postsovet məkanında münaqişə ocaqları yaratmaq, yaxud yenidən alovlandırmaq üçün yaradılıb. Sonuncu təxribatın da izahı budur. Amma heç bir halda Ermənistanın təxribatlarını cavabsız qoymaq olmaz və məlum olduğu kimi, təxribatçı tərəf cavabını artıqlaması ilə alır və alacaq da.
İlana ulduzu göstərmək lazımdır. Ermənistan da, bölgəni münaqişə ocağına çevirmək istəyənlər də anlamalıdırlar ki, onların təxribatları cavabsız qalmayacaq. Nə Avropa İttifaqının missiyası, nə də digər bu kimi hərbi-siyasi şoular bizim üçün çəkindirici faktor kimi heç bir əhəmiyyətə malik deyil.
– Belə iddialar var ki, Ermənistan Aİ missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır. Bu nə dərəcədə doğrudur: Aİ-nin məqsədi nədir burada?
Elçin Mirzəbəyli
– Əslində bu iddia deyil, reallıqdır. Avropa İttifaqı missiyasının təyinatı üzrə fəaliyyət göstərmədiyinin, getdikcə daha çox hərbi missiyaya çevrildiyinin sübuta ehtiyacı yoxdur.
Məqsəd Ermənistanı nəzarətə götürmək, ərazidən plasdarm kimi istifadə etmək, Orta Dəhliz də daxil olmaqla, Avrasiyanın nəqliyyat dəhlizlərinə nəzarəti ələ alaraq, bölgədə həyata keçirilməsi planlaşdırılan yeni geosiyasi konfiqurasiyalara maneə yaratmaqdır. Məsələyə konseptual yanaşsaq, bölgədə və bütövlükdə Avrasiyada iki geosiyasi nəzəriyyənin – Avatlantika və Avrasiya nəzəriyyələrinin mübarizəsi gedir.
– Qeyd etdiniz ki, indiki halda prosesin arxasında Rusiyanın dayandığını söyləməyə heç bir əsas yoxdur. Lakin Ermənistan sərhədlərini Rusiya hərbçiləri qoruyur. Elə isə Rusiya proseslərin harasındadır?
– Rusiya hələlik mərkəzdə və aktiv müşahidəçi mövqeyindədir. Yəni Rusiya kənar qüvvə deyil, Ermənistanın içindədir. Görünür Moskva baş verənlərə hələlik sərt reaksiyanın verilməsinə ehtiyac görmür. Hesab edir ki, rəsmi İrəvanın manevr imkanları müəyyən sərhədlər daxilindədir. Amma İrəvanın mərkəzdənqaçma meylləri manevr sərhədləri çərçivəsini aşarsa, şübhəsiz ki, adekvat reaksiyalar olacaq. Qənaətimə görə, bunun üçün bir neçə saatlıq “xəbərdarlıq” yetərlidir.
– Sizcə, son gərginlik genişmiqyaslı hərbi əməliyyatlara dönüşə bilər?
– Genişmiqyaslı hərbi əməliyyat Ermənistanın sonunu gətirə bilər. İrəvanın belə bir təxribata əl atması, özünə ölüm hökm kəsmək deməkdir. Hətta xarici təhriklər də olsa, Ermənistanın buna gedə biləcək qədər axmaq olduğunu düşünmürəm.
– Elçin bəy, regionda maraqlı olan qüvvələrdən bəhs etdik: Bəs Türkiyə? Rəsmi Ankaranın məsələyə yanaşması necə olacaq?
– Türkiyənin bu məsələdə mövqeyi aydındır. “Akınçı”nın Azərbaycanın arsenalına daxil edilməsi ilə bağlı mərasim, verilən mesajlar da bunu sübuta yetirir. Güman edirəm, ən qısa zamanda Ankaranın aktiv diplomatik fəaliyyətə keçəcəyinə ümid bəsləmək olar və buna ehtiyac var.
Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlamalarının birində demişdi ki, orduda 5-ci kolon mövcuddur. Aydındır ki, o bunu deyəndə Rusiyanı nəzərdə tutub. Nikol Paşinyan təhlükəsizlik sahəsində nə qədər Qərbə yaxınlaşmaq istəsə də, ordusunun zabit heyəti Sovet və Rusiya hərbi məktəb və akademiyalarının məzunlarıdır və bu heyətin bir hissəsi Rusiya hərbi kəşfiyyatına bağlıdır. Odur ki, bu zabitlər Moskvadan gələn istənilən əmri yerinə yetirə bilərlər.
Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az