Azərbaycan İsraildə səfirlik açsa, İranın cavabı nə olar? – Politoloqdan maraqlı şərh

İsrail Dövlət Radio və Televiziyası “KAN-Hadaşot” yüksək rütbəli İsrail rəsmilərinə istinadən xəbər verib ki, Azərbaycan İsraildə yaxın vaxtlarda səfirlik açacaq. Bildirilir ki, bütün gecikmələr əsasən texniki məsələlərlə bağlıdır.

Bakı və Təl-Əviv arasında səfirliyin açılması ilə bir müddətdir ki, intensiv danışıqlar gedir. Xatırladaq ki, İsrail Prezidenti İshaq Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ünvanlandığı məktubda “İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq” demişdi.

Maraqlıdır Azərbaycan yaxın vaxtlarda İsraildə səfirlik açacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycanın İsraildə səfirlik açması çox gecikib.

Elxan Şahinoğlu: “Regionda Bakı-Ankara-Təl-Əviv üçlü ittifaqı formalaşdırılmalıdır”

“Biz bu məsələni çoxdan həll etməli idik. İsrail Azərbaycanın strateji tərəfdaşı, müttəfiqidir. Ölkələrimiz arasında münasibətlər ildən-ilə inkişaf edir. Digər tərəfdən, İsrailin Azərbaycanda səfirliyi çoxdan fəaliyyət göstərir. Ümumiyyətlə bir ölkə digər ölkədə səfirlik açırsa, həmin ölkə də səfirlik açmalıdır.

Nəzərə almaq lazımdır ki, bu gün İranın müttəfiqi olan Ermənistanın belə İsraildə səfirliyi var. Ümumiyyətlə rəsmi Bakı İran faktorunu bir kənara qoymalı və ən qısa zamanda İsraildə səfirlik açmalıdır. Bizim hazırda İsraildə ticarət və turizm nümayəndəliyimiz fəaliyyət göstərir. Həmin nümayəndəliyi səfirliyə çevirmənin əsl vaxtıdır”.

Politoloqun sözlərinə görə, Azərbaycanın İsraildə səfirlik açması rəsmi Bakıya əlavə dividentlər qazandıra bilər:

“Azərbaycanın İsraildə səfirlik açması iki ölkə arasındakı hazırkı münasibətləri daha da inkişaf etdirə bilər. Xüsusilə qeyd etmək lazımdır ki, rəsmi Təl-Əviv ilə Bakı hazırda enerji sahəsində sıx əməkdaşlıq edir. Azərbaycan Türkiyənin Ceyhan bölgəsindən İsrailə təbii qaz satır.

Yeri gəlmişkən, Türkiyənin də İsraildə səfirliyi mövcuddur. Azərbaycan da öz növbəsində İsraildə səfirlik açaraq regionda Bakı-Ankara-Təl-Əviv üçlü ittifaqını formalaşdıra bilər”.

E.Şahinoğlu qeyd edib ki, Azərbaycanın İsraildə səfirlik açmasının heç bir qonşu ölkəyə aidiyyəti yoxdur:

“Azərbaycan müstəqil suveren ölkədir. Rəsmi Bakı istədiyi ölkədə səfirlik, konsulluq aça bilər və bu, başda İran olmaqla, heç bir ölkəni narahat etməməlidir. Mümkündür ki, Tehran Bakının bu davranışına nota vermək və ya sərhədlərimizdə növbəti təlim keçirmək ilə cavab verəcək. Lakin bunun da heç bir əhəmiyyəti yoxdur.

Birincisi, bir ölkənin digər ölkədə səfirlik açmaqla bağlı nota verməsi əsassızdır. Səfirlik açmaq ölkənin suveren hüququdur. Digər tərəfdən, biz artıq İranın sərhədlərimizdə hərbi təlimlər keçirməsinə də öyrəşmişik. Buyurub yeni hərbi təlimlər də keçirə bilərlər. Hərbi təlim keçirmək də ölkənin suveren hüququdur”.

Turan Rzayev, Globalinfo.az