İrəvan tarixi şəhərimizlə bağlı arzuolunmaz yola əl atdı – Hədəf nədir?

Ermənistan hökuməti Təbrizdə baş konsulluğun açılması ilə bağlı qərarı təsdiqləyib. Konsulluğun yaxın zamanda fəaliyyətə başlayacağı bildirilsə də, dəqiq tarix açıqlanmayıb. 

2023-cü il oktyabrın 21-də Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Qafan şəhərində İran konsulluğu açılmışdı. Bu addımlar bir sıra müzakirələrdə Azərbaycanın İsraildə səfirlik açmasına cavab kimi qiymətləndirilir.

Bəs bu fikirləri nə dərəcədə reallığa uyğun hesab etmək olar? Erməni konsulluğunun Təbrizdə açılmasının hər hansı xüsusi məqsədi varmı? 

AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə Globalinfo.az -a açıqlamasında bildirib ki, Qafanda İran konsulluğunun açılması sıradan qərar deyildi:

“Dövlətlərarası münasibətlərdə konsulluqlar adətən mülki məsələlərin nizamlanması ilə məşğul olurlar. Bu baxımdan Ermənistanın Təbrizdə baş konsulluq açması ilk baxışdan normal görünə bilər. Qafanda İran konsulluğunun açılması anormal idi. Çünki faktiki olaraq Ermənistanın ərazisi o qədər kiçikdir ki, Tehranın İrəvandakı səfirliyi və onun konsulluq şöbəsi bütün prosesləri tənzimləyə bilərdi. Bu mənada Qafanda Tehranın konsulluq açması daha çox siyasi məqsəd daşıyırdı”.


Elnur Kəlbizadə

E.Kəlbizadə qeyd edib ki, Ermənistanın Qərbə yaxınlaşdığı hazırkı şəraitdə Təbrizdə açılacaq konsulluğun fəaliyyəti Tehranı daha çox düşündürməlidir:

“Hesab etmirəm ki, Təbrizdə erməni konsulluğunun yaradılmasına icazə verilməsi İranın Azərbaycanın İsraildə səfirlik açmasına cavabıdır. Əksinə, İranla münasibətlərin tədricən normallaşmağa doğru getdiyi şəraitdə bu cür təbliğat daha çox Ermənistan tərəfindən İran-Azərbaycan münasibətlərini pozmaq üçün istifadə edilə bilər. Bununla belə Qərb ölkələri ilə Ermənistanın münasibətlərinin sıxlaşdığı şəraitdə Təbrizdəki konsulluğun hansı funksiyaları yerinə yetirəcəyi İran hakimiyyət orqanlarını düşündürməlidir. İqtisadi vəziyyətini düzəltmək üçün dünən Qərbdən yardım alan Ermənistan, bu gün o vəsaitin bir hissəsini Təbrizdəki konsulluğun fəaliyyətinə niyə yönəltsin?! Sual ritorikdir və onun cavabını rəsmi Tehran tapmalıdır”.

Ayşən Mustafa
Globalinfo.az