“Bu işlər başımıza ona görə gəldi ki…” – Misir Mərdanovla sensasion müsahibə

Sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanovun Globalinfo.az-a müsahibəsini təqdim edirik:

– Misir müəllim, son günlər ölkədə xoşagəlməz hallar baş verir. Bir gənc ailəsini balta ilə qətlə yetirir, yeniyetmə qız həmyaşıdının saçını kəsir, onu zorakılığa məruz qoyur, biri məktəbə bıçaq aparır, biri sinif yoldaşını döyür və s. Sizcə, yeniyetmə və gənclərdəki aqressiyanın səbəbi nədir?

– Son günlər baş verən hadisələrin hər biri bizim cəmiyyətə yaraşmayan mənfi hallardır. Əvvəllər belə hallara rast gəlinmirdi. Bəlkə də, keçmişdə bənzər hadisələr olub, amma o zaman nə sosial şəbəkələr, nə mobil telefonlar, nə indiki verilişlər var idi. Bu gün dünyada baş verən xəbərləri qabartmaqla, cəmiyyətin diqqətinə çatdırmaqla müəyyən mənada belə hadisələrin baş verməsinə rəvac yaratmış oluruq. Lakin yaşanan hadisələr ailə və məktəbdə təlim-tərbiyə məsələsində olan çatışmazlıqla da əlaqədar ola bilər.

– 15-20 il öncə müəllimin bir baxışı şagirdə kifayət edərdi, amma bu gün az qala müəllim şagirddən çəkinir. Təhsil müəssisələrində nə baş verdi ki, iş bu həddə çatdı?

– Siz 15-20 il deyirsiniz, amma biz oxuyan vaxt müəllimə ilahi şəxs kimi baxırdıq, hər kəs ona hörmət edirdi. Cəmiyyətdə tədricən müəllim və təhsilin nüfuzu düşdü. Bəlkə də bu gün baş verən bütün hadisələrə müəllim və təhsilin nüfuzunun düşməsi səbəb oldu. Bu işlər ona görə başımıza gəldi ki, anidən yönümüzü Qərbə tərəf tutduq. Halbuki onlarla bizim mentalitetimiz həmişə fərqli olub. Birdən-birə də onların ənənələrinə üstünlük verməyə keçid edildi deyə, hər şey bu hala gəlib çatdı. Bir sözlə, öz adət-ənənələrimizi unudub, Qərbə yönəldik.

– Müəllim şagirdi danlaya bilərmi?

– İndi deyirik ki, “müəllim uşağa qışqıra bilməz”. Bəs qışqırmadıqda da uşaq belə olur da…

– Misir müəllim, siz də atasınız, 3 övladınız var. Onları necə tərbiyələndirmisiniz?

– Gözəl sualdır… Biz özümüz ailədə 6 uşaq olmuşuq. İnanın, heç bir zaman eşitməmişəm ki, ata-anam bizə “tərbiyəli olun”, “filan şeyi belə edin” kimi sözlər desinlər. Mənə elə gəlir ki, ailədə ata-ananın, nənə-babanın bir-birinə, övladına olan münasibətləri özü bütün bunları tənzimləyir. İnsan gördüyünə daha çox inanır, nəinki eşitdiyinə. Əgər bir evdə valideynlər arasında mübahisələr, inamsızlıqlar olursa, demək ki, uşaqlar heç vaxt istədiyimiz tərbiyədə olmayacaqlar. Uşaqların tərbiyəsini tənzimləyən ilk növbədə valideynlərin münasibətidir. Müəllimlər də uşağa “yaxşı oxu”, “yaxşı ol” demək əvəzinə, özləri ədalətli, bilikli olmalıdırlar. Bunlar olarsa, şagirdlərin də tərbiyəsi yaxşı olacaq. Oxuyana pis, oxumayana yaxşı qiymət yazacaqsa, şagirdə dediyi sözlər də boş olacaq. Ədalətli olsalar, şagirdlər də onlara hörmətlə yanaşacaqlar. Müəllim müəllim yerində olmalıdır, valideyn də öz yerində. Hər kəs adət-ənənələrimizə uyğun davransa, cəmiyyətdə də neqativ hallar az olar.

– Sosial şəbəkələrdə yazırlar ki, “Misir Mərdanov AMEA-ya gedərkən, təhsili də özü ilə apardı”.

– (Gülür)… Haqqımda xoş söz deyən hər kəs sağ olsun. Bilirsiniz, bir həqiqət var ki, təhsil və tərbiyə işini hər adama tapşırmaq olmaz. Təhsil-tərbiyə işini bu sahədə təcrübəsi olan insanlar idarə etməlidir. “Sən ingilis dilini bildiyin üçün bunu etməlisən” yanaşması doğru deyil. Və ya “səndən imtahan götürürəm, bu suallara cavab versən, səni məktəb direktoru təyin edirəm” kimi cümlələr də olmamalıdır. Hər şeyi imtahanla ölçmək olmaz. Repetitor yanında əzbərləyib, daha sonra gedib imtahan verib, əla qiymət alana hər şeyi həvalə etmək də yanlışdır axı… Təəssüf ki, son zamanlar belə şeylərə çox gedirlər. İnsanlara inanmaq, etibar etmək və mütləq təcrübəni nəzərə almaq lazımdır.

– Misir müəllim, ictimaiyyətdə çoxluq deyir ki, bu gün illərin müəllimlərini deyil, həkimləri imtahanlara cəlb etmək lazımdır.

– Əslində, imtahan hər iki peşə sahiblərinə də lazımdır, amma baxır onu kim və necə imtahan edir. Çap olunmuş sualları əzbərləməklə iş bitmir. Ona görə də, müəllimin əməyini yalnız imtahanla qiymətləndirmək olmaz.

– Uşaqları daha çox kim tərbiyələndirməlidir, ailə, yoxsa təhsil müəssisəsi?

– Əsas məsuliyyət ailənin üzərinə düşür. Çünki şagird valideynin yanında böyüyür, onun övladıdır. Nə olur-olsun, ailə tərbiyəsi birinci yerdə olmalıdır. Hər şeyi məktəb və müəllimin üzərinə yükləmək olmaz axı. Ata-ana daha çox məsuliyyət daşımalıdır.

Zaira Akifqızı
Globalinfo.az