Berlin Zəngəzur dəhlizinə indidən yatırım qoyur: Almaniyanın Azərbaycan siyasətinin hədəfi

Prezident İlham Əliyevin Almaniyaya səfəri bir çox baxımdan diqqət çəkir. Bəzi ekspertlər iddia edir ki, Almaniyanın sərgiləndiyi konstruktiv mövqe bu ölkəni potensial vasitəçi edir.

Maraqlıdır, Almaniya Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarında vasitəçi ola bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, İlham Əliyevin səfəri bir sıra məqsədləri aydınlaşdırır və həmin məramlara Berlinin məsuliyyət dərəcəsi yüklənir:

“Berlin Bakı-İrəvan danışıqlarının vasitəçisi olmaq roluna yiyələnə bilər. Almaniya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına münasibətdə neytral statuslu müşahidəçi potensialını qoruyub-saxlamalıdır. Bu isə Azərbaycan-Ermənistan gündəliyinə müdaxilə etmək istəyən Fransanın avtomatik olaraq qərəzli vasitəçilik səylərinin üzərindən xətt çəkəcək.

İlham Əliyevin Almaniyaya səfərini ən geniş baxış bucağı ilə izah etmək üçün isə Berlinin geosiyasətinə də diqqət etmək faydalı olardı. Almaniya hər nə qədər NATO üzvü olsa da, o, Rusiya-Ukrayna müharibəsi fonunda Qərblə Moskvanın qızğın temperamenti arasında sıxılır.

Buna görə də Almaniya Avropa İttifaqında təhlükəsizlik çağırışlarına ən həssas ölkələrdən biri olaraq qalmaqdadır. Berlin sıxışmamaq üçün alternativ bir qütbə meyl edir – bu, Berlinin Çinlə əlaqədar siyasətində daha aydın nəzərə çarpır.

Berlinlə Pekin arasındakı bu təşəbbüslər Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizinə (Orta Dəhliz) iki ölkənin strateji diqqətini artırır. Çindən başlayan, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə üzərindən Avropaya uzanacaq bu nəqliyyat yoluna Almaniyanın sərmayələrindən kənarda qalmayacağı göz önündə canlana bilər. Buna görə də İlham Əliyevin səfəri mahiyyət etibarilə belə geniş radiusa da nəzər salmağı aktual edir.

Bu baxımdan söyləmək olar ki, Azərbaycan təhlükəsizlik çağırışları naminə bir xeyli manevrə ehtiyac duyan Almaniyanın beynəlxalq siyasətdəki trayektoriyasını izləyir”.

Turan Rzayev
Globalinfo.az