Blinkenin Əliyevə zəngi: gözlənilən xəbəri tezliklə eşidəcəyik… – Politoloq

Aprelin 30-da ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqəsinin qurulmasına toxunub.

Dünyanın önəmli dövlətləri sülh müqaviləsinin imzalanmasında maraqlı görünür.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, son zamanlar ABŞ-ın Cənubi Qafqaza diqqəti artıb və bu, rəsmi Bakının maraqlarına uyğundur:

“Məsələ ondadır ki, Azərbaycanın 44 günlük müharibə sonrası regionda yaratdığı reallıqlar böyük güclər tərəfindən də qəbul edilir. Lakin burada önəmli olan rəsmi Bakının Kreml və Vaşinqton arasında izlədiyi incə diplomatiyadır.

Belə ki, Vaşinqton və Kreml Ermənistan-Azərbaycan gərginliyində bir-birini təkzib edə bilmir. Yəni tərəflərdən biri sülh istiqamətində açıqlama verirsə, digəri də məcbur bu yöndə açıqlama verməlidir.

Qabil Hüseynli

Vaşinqton indiki məqamda prosesin həllində maraqlıdır. Bunu ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəngindən də görmək olar. Ümumiyyətlə, Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurması suveren hüquqlar çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Buna heç bir ikinci ölkə müdaxilə edə, ya da irad bildirə bilməz. Bu həmin ölkənin ərazi bütövlüyünə hörmətsizlik və daxili işə açıq şəkildə qarışmaq deməkdir.

Sevindirici haldır ki, ABŞ bu məsələdə daha loyal bir xarici siyasət xətti izləyir. Prinsip etibarilə Ermənistan ilə Azərbaycan arasında sülhün ən qısa zamanda əldə edilməsi ABŞ-ın maraqlarına uyğundur. Bu baş versə, Rusiyanın Cənubi Qafqaza təsir imkanları azalacaq. Lakin Kreml də prosesi öz moderatorluğunda tənzimləmək istəyir.

Hesab edirəm, hazırda izlədiyimiz xarici siyasət doğrudur və belə davam etməliyik. Nə qədər ki, ABŞ və Rusiya bir-birinə görə prosesi dəstəkləyəcək, sülh qısa zamanda əldə ediləcək”.

Turan Rzayev
Globalinfo.az