Hərbi ekspert: “Rusiya hərbçilərinin tərk etdikləri ərazidə oldum, bunları gördüm…”

Aprelin 16-dan başlayaraq Qarabağdakı Rusiya sülhməramlı kontingenti ərazini tərk edir. Artıq 11 gündür proses başlayıb. Amma hər gün Rusiya SM-nın ölkəmizin ərazisini tərk etməsi ilə bağlı videolar yayılır. Bu da ictimaiyyətdə haqlı sual yaradır ki, rus hərbçiləri Azərbaycanı tam olaraq nə zaman tərk edəcəklər?

Mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev rus sülhməramlılarının tam şəkildə ölkəmizin ərazisindən payız aylarında çıxacağını bildirib.

O, sülhməramlı kontingentin Azərbaycan ərazilərindən çıxmasının son müddəti barədə rəsmi xəbərlərdə də tarixin göstərildiyini deyib:

“Bu proses sentyabr ayının sonuna qədər yekunlaşmalıdır. Son günlərdə azad olunmuş ərazilərdə səfərdə oldum. Burada sülhməramlı kontingentin yerləşdiyi blokpost və dayaq məntəqələrini kifayət qədər intensiv surətdə tərk etdiklərinin şahidi oldum. Digər tərəfdən isə Türkiyə-Rusiya birgə monitorinq mərkəzi də qısa müddətdə bağlandığını elan etdi. Bütün prosesləri yaxından izləyən biri kimi deyə bilərəm ki, sülhməramlıların gələn ayın sonuna qədər Azərbaycan ərazilərindən çıxarılması başa çata bilər”.

Hərbi ekspertin sözlərinə görə, sülhməramlıların Azərbaycanda qalma müddəti uzadılmayacaq:

“Onların ölkədə qalma müddətinin uzadılmasına aid heç bir müzakirə aparılmır. Bunu müzakirə etmək üçün də heç bir hərbi, siyasi şərait mövcud deyil”.

Xatırladaq ki, sülhməramlıların Azərbaycanı tərk etmələri ilə bağlı başqa bir məlumat da yayılıb. Azərbaycan Müdafiə Nazirliyindəki mənbəyə istinadən “Reuters” agentliyi bildirib ki, sülhməramlıların mayın sonuna qədər yola düşəcəkləri gözlənilir. Həmçinin qeyd olunub ki, sülhməramlıların bütün zirehli texnikası, o cümlədən 90 ədəd zirehli transportyoru (BTR82A) və 380 ədəd digər texnika Azərbaycan ərazisini tərk edib.

Zaira Akifqızı
Globalinfo.az