İrandan ABŞ və Qərbə sərt mesaj: “Əgər SEPAH olmasaydı…”

“SEPAH İŞİD-in Qərbə girməsinin qarşısını aldı”.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

O bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu və onun bölgədəki terrorla mübarizə üzrə müşavirləri olmasaydı, İŞİD terrorizmi Avropa Parlamentinin içərisinə daxil olardı.

Nasir Kənani ABŞ, Böyük Britaniya və Kanadanın İranın fiziki və hüquqi şəxslərinə qarşı tətbiq etdiyi yeni sanksiyalara da münasibət bildirib.

“İranın müdafiə qabiliyyətini sarsıtmaq üçün sanksiyalardan istifadə edilməsi ölkənin milli mübarizə əzmini heç vaxt sarsıtmayacaq. Sanksiyalar İrana müdafiə avadanlıqlarının istehsalını artırmağa və özünü təmin etməyə imkan verəcək. Beləcə Qərbin sanksiyaları əks nəticə ilə yadda qalacaq”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ukraynadakı müharibədə İran silahlarının istifadxəsi ilə bağlı Avropa İttifaqının iddialarını da təkzib edib. Bildirib ki, ABŞ və Aİ Ukrayna və Qəzzada uzun sürən müharibələrin əsas səbəbkarıdır.

Kanani Aİ parlamentinin SEPAH-ı qara siyahıya salmaq çağırışlarını pisləyib. Əlavə edib ki, bu qüvvələr İŞİD terrorunun Qərb dünyasına daxil olmasının qarşısını alan əsas elementdir.

Əliyar Xəlil
Globalinfo.az