Zelenskinin Türkiyə səfərinin detalları: Putinlə görüş gözlənilir

 

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa turnesi çərçivəsində Türkiyəyə səfər edib. Tərəflər arasında keçirilən 2 saat 30 dəqiqəlik görüş zamanı əsasən iki ölkə arasındakı əlaqələr, Rusiya-Ukrayna müharibəsində son vəziyyət və iyulun 17-də müddəti başa çatacaq taxıl sazişi kimi regional və beynəlxalq məsələlər müzakirə edilib.

Nə baş verir?

Prinsip etibarilə V.Zelenskinin Avropa turnesi çərçivəsində Türkiyəyə səfər etməsi gözlənilirdi. Məsələ ondadır ki, iyulun 17-də taxıl sazişinin müddəti başa çatacaq.

Prezident Vladimir Putin isə bir müddət öncə Rusiyanın “Taxıl sazişi”ndən çıxmağı planlaşdırdığını bildirib. Onun sözlərinə görə, bu saziş Rusiyanın maraqlarına cavab vermir. “Bizi növbəti dəfə aldatdılar” – deyən Putin Rusiya taxılının tədarükünün liberallaşdırılması baxımından heç bir iş görülmədiyini iddia edib.

Aydın məsələdir ki, bunlar Putinin bəhanələridir. Kreml rəhbərini narahat edən əsas məqam Rusiyanın Ukrayna müharibəsində geriləməsi, rəsmi Kiyevin isə davamlı surətdə Qərbdən dəstək almasıdır. Putin müxtəlif bəhanələr ilə sazişdən çıxaraq, ya da bir müddətlik sazişi durduraraq Ukraynaya qarşı beynəlxalq təzyiq yaratmaq istəyir.

Zelenski və Quterreşin Ərdoğandan xahişi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə də görüşə bilər. Düzdür, hələlik görüşün yeri və ya vaxtı bilinməsə də təmasın baş tutması mümkündür. Bu görüş Türkiyədə də, Rusiyada da ola bilər.

Mümkündür ki, indiki məqamda belə bir görüşü Ərdoğandan həm Zelenski, həm də BMT Baş katibi Antonio Quterreş istəmiş olsun. Belə ki, sazişin dayandırılması Ukraynaya bir çox baxımdan problem deməkdir:

Birincisi, bu baş verərsə Ukrayna öz taxılını satıb maliyyə qazana bilməyəcək. Bu isə ölkəyə milyonlarla dollar zərərin dəyməsi deməkdir. Rəsmi Kiyev isə mövcud vəziyyətdə belə bir ziyanla üzləşmək istəmir.

İkincisi, Kremlin sazişdən geri çəkilməsi dünyada növbəti dəfə taxıl və təbii ki, taxıl məhsullarının qiymətinin bahalaşması, habelə böhranın yaşanması ilə nəticələnə bilər. Bu isə öz növbəsində həm Rusiyaya, həm də Ukraynaya xarici təzyiqlərin edilməsi deməkdir. Prinsip etibarilə Rusiya uzun müddətdir Qərbin təzyiqləri, sanksiyaları ilə üz-üzədir və müəyyən mənada buna öyrəşib. Lakin Kiyevin belə bir təzyiqə tab gətirməsi mümkün deyil.

Bu mənada Ərdoğan-Zelenski görüşündə əsas müzakirə mövzusunun iyulun 17-də müddəti başa çatacaq “Taxıl sazişi” olması realdır. Bundan başqa Zelenskinin Rusiyanın sazişdən çıxmaması üçün Türkiyənin danışıqlar aparmasını xahiş etməsi də mümkündür.

Mövcud vəziyyətdən narahat olan digər şəxs də BMT Baş katibi Antonio Quterreşdi. Quterreş bir müddət öncə Qara dəniz Taxıl Dəhlizi sazişindən danışarkən “Biz təşəbbüsü davam etdirmək və Rusiyanın anlaşmanın şərtlərinə uyğun şəkildə iş birliyini davam etdirməsini asanlaşdırmaq üçün çox çalışırıq” deyib.

Quterreş hazırkı “Taxıl sazişi”nin imzalanmasında ən böyük paya sahib şəxslərdəndir. Bu həm onun, həm də təmsil etdiyi təşkilatın nüfuzu baxımından çox vacib idi. Quterreş bundan başqa yaxşı bilir ki, Rusiya sazişdən çıxsa, bu, dünya miqyasında taxıl böhranına səbəb olacaq. BMT Baş katibi kimi ona təzyiqlər artacaq.

Ankaranın vasitəçiliyi

Ötən il iyulun 22-də İstanbulda Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalandı. Bu ilin mart ayında “Taxıl sazişi”nin müddəti növbəti dəfə iki ay uzadılıb.

Hər iki razılıq məhz Türkiyənin vasitəçiliyi ilə icra edilib. Bu mənada hazırda Türkiyənin vasitəçiliyi ilə sazişin yenidən uzadılması və Rusiyanın sazişdən çıxmasının qarşısının alınmasına olan ümid böyükdür.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İstanbulda ukraynalı həmkarı Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib: “Ümid edirəm ki, taxıl dəhlizi sazişi iyulun 17-dən sonra yenidən uzadılacaq. Biz onun ən azı üç ay uzadılmasını gözləyirik, lakin ümumən iki il müddətinə uzadılmasının tərəfdarıyıq”.

Sazişin Türkiyənin vasitəçiliyi ilə uzadılması mümkündür. Məsələ ondan ibarətdir ki, Türkiyənin indiki məqamda həm Rusiya, həm də Ukrayna ilə münasibətləri yaxşıdır. Ankara müharibə öncəsi və müharibə gedişində hər iki tərəflə təmasları saxlayaraq neytrallığını nümayiş etdirir.

Ankaranın bu mövqeyi Qərb üçün də məqbuldur. Gələcəkdə Rusiya ilə Ukrayna arasında bir sülh sazişi imzalanacaqsa, bu, Türkiyədə baş verə bilər.
Lakin iki il kifayət qədər uzun müddətdir və Rusiyanın buna gedəcəyi inandırıcı görünmür. Çünki iki ildə çox şey baş verə bilər və Kreml bu riski gözə almayacaq. Saziş indiki məqamda Rusiya üçün əsas təzyiq rıçaqlarından biridir və bu rıçaqı əldən vermək istəmir.

Hesab etmək olar ki, Türkiyə və Rusiya prezidentlərinin görüşü və ya telefon danışığı zamanı sazişin uzadılması qərarlaşdırılsın. Lakin Rusiya tərəfi bunu qarşılıqsız da etməyəcək. Əvəzində Türkiyə üzərindən Qərbdən tələbləri olacaq.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı