Əliyevin bu cümləsi Ermənistanda şok effekti yaratdı


Erməni mediası və sosial şəbəkə istifadəçiləri bir neçə gündür, Azərbaycan Ordusunun genişmiqyaslı müharibəyə hazırlaşdığı, hətta ehtiyatda olan hərbi qulluqçuların təlimlər üçün çağırıldığını iddia edir. Bunu Zəngəzur uğrunda genişmiqyaslı müharibənin anonsu kimi şərh edənlər də var.

Aydın məsələdir ki, erməni mediası məsələni yenə öz yanaşması ilə qərəzli şəkildə yansıdır. Qeyd edilənlər isə həqiqəti əks etdirmir. Ümumiyyətlə, erməni mediası iki arqument ilə iddialarını dəstəkləməyə çalışır.

1. Ehtiyatda olan hərbi qulluqçuların təlimlər üçün orduya çağırılması;

2. Prezident İlham Əliyevin “Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir” sözləri.

Ehtiyatda olan hərbi qulluqçuların təlimlər üçün orduya çağırılması təbiidir. Lakin bu, Bakının Zəngəzur uğrunda genişmiqyaslı müharibəyə hazırlaşdığı mənasına gəlmir.

Ümumiyyətlə, Azərbaycanda ehtiyatda olan hərbi qulluqçuların təlimlər üçün orduya çağırılması təcrübəsi var. Belə təlimlərə hər kəsi deyil, konkret hərbi ixtisaslı şəxsləri cəlb edirlər. Bu yolla həm ordunun ehtiyat kadrlarının sayı müəyyən edilir, həm də döyüş bacarıqlarının təkmilləşdirilməsi hədəflənir.

Prezident İlham Əliyevin “Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir” sözlərinin müharibə anonsu kimi şərh edilməsi isə ümumiyyətlə absurddur.

Belə ki, Prezident bu sözləri mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Prezidentin bu çıxışında isə iki əsas tezis vardı:

Birincisi, beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyi, lakin bunu icra etmədiyi;

İkincisi, Azərbaycanın sülhə müharibə yolu ilə nail olması və bunun səbəbləri.

Prezident İlham Əliyevin sözləri yeni müharibə anonsu yox, əksinə, dünyadakı mövcud münaqişələrin müharibə yolu ilə həll edilə biləcəyinin xəbərdarlığı idi. Azərbaycan sülhə müharibə yolu ilə nail oldu, lakin buna həm də məcbur oldu. Sona qədər münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olan Bakını müharibəyə məhz Ermənsitan, onun havadarları və həmsədrlərin səriştəsizliyi vadar etdi.

Əlbəttə ki, bir münaqişənin hərbi yolla həll edilməsi dünya miqyasında domino effekti yarada bilər. Prezident də məhz bunun xəbərdarlığını edirdi. Gələcəkdə digər münaqişələrin də hərbi müstəviyə keçməməsi üçün indidən diplomatik yollarla həllə nail olmaq lazımdır.

O ki qaldı Bakının yeni müharibəyə hazırlaşması məsələsinə, hesab edirəm, hazırda belə bir məsələ aktual deyil. Azərbaycan ərazi bütövlüyünü təmin edib. Sərhədlərin delimitasiyası davam edir. Danışıqlar masasında böyük ölçüdə razılaşdırılan bir sülh sənədi var. Ən əsası Qazaxın 4 kəndi bir güllə belə atılmadan Bakıya təhvil verilib. Sülhə bu qədər yaxın olduğumuz bir zamanda Azərbaycanın yeni bir əməliyyata başlaması real deyil.

Ermənistan sülh prosesindən yayınsa, kommunikasiyaların açılmasına razılıq verməsə və delimitasiya prosesi yarımçıq qalsa, rəsmi Bakı üçün yeni hərbi əməliyyat versiyası aktuallaşa bilər. Lakin bunu belə “Zəngəzur uğrunda müharibə” adlandırmaq olmaz.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı