Sülhməramlıların Qarabağdan çıxması haqda yeni AÇIQLAMA

Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingenti Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. Bu, sülhməramlıların Azərbaycandan çıxması prosesinin başlanması kimi xarakterizə olunub.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycanın öz ərazilərinə nəzarəti təmin etməsi fonunda Rusiya sülhməramlılarının orada qalmasının heç bir əhəmiyyəti yoxdur:

“Ona görə də Qarabağ ərazisində qurulan 25-ə yaxın sülhməramlı postunun yarısı faktiki olaraq öz fəaliyyətini dayandırıb və ləğv olunub. Bu baxımdan Xudavəng monastrında belə bir addımın atılması məntiqlidir. Çünki həmin ərazidə Azərbaycan özü tam şəkildə vəziyyətə nəzarət edir, suverenliyimiz bərpa olunub. Digər tərəfdən, həmin məbədə ziyarətə gedənlər üçün də sərbəst şəkildə şərait yaradılıb. Azərbaycanın hüquq mühafizə orqanları ziyarətçiləri müşayiət edirlər. Bu baxımdan prosesi düzgün təhlil etmək lazımdır.

Oqtay Qasımov: "Dünyada terroru bitirmək bugünkü şərtlərdə mümkün deyil”

O ki qaldı sülhməramlıların Azərbaycan ərazilərini tam tərk etməsi məsələsinə, onların qalma müddəti üçtərəfli bəyanatda konkret olaraq göstərilib. Yəni 2025-ci ilin noyabr ayına qədər sülhməramlılar burada qala bilərlər. Təxminən bir il sonra, 4 il yarım müddət tamam olanda sülhməramlıların burada qalıb-qalmaması ilə bağlı məsələyə aydınlıq gətiriləcək. Azərbaycan tərəfi razı olmasa, sülhməramlılar bölgəni tərk edəcəklər. Hesab edirəm, hər bir proses öz vaxtında baş verəcək”.

Əliyar Xəlil
Globalinfo.az