Başkəndi başsız sanıb, başından böyük danışanlar – Deputatın rüsvayçı səhvinin səbəbi

Deputat Rasim Musabəyov “Başkəndin heç bir strateji əhəmiyyəti” olmadığını iddia edib. Bundan başqa, gələcəkdə sanki “mübadilə” olacaqmış kimi təəssürat yaradıb.

Ümumiyyətlə, hazırda regionda həssas geosiyasi vəziyyət hakimdir. Azərbaycan 30 il sonra reallıqları dəyişib. Qazaxın 4 qeyri-anklav kəndi bir güllə belə atılmadan Azərbaycana qaytarılıb. Delimitasiya prosesi uğurla davam edir və ən əsası prosesin davamı üçün sərhəd komissiyalarının görüşləri keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı qeyd etdi ki, “Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik”.

Belə bir zamanda Başkənd kimi həssas bir məsələyə toxunmaq və yanlış fikir səsləndirmək ciddi səhvdir. Məsələ təkcə Başkənd də deyil, yəni prosesin bundan sonra necə olacağına dair konkret nəsə demək hələlik mümkün deyil. Bəli, sülh müqaviləsinə çox yaxınıq, amma ölkə başçısının da dediyi kimi, delimitasiya prosesi uzun məsələdir və sülh müqaviləsindən sonra da davam edə bilər. Bundan başqa, regiondakı həssas siyasi və geosiyasi vəziyyəti də unutmaq olmaz.

Başkənd və digər mübahisəli məsələlərə dair hələlik konkret yanaşma yoxdur. Azərbaycan rəsmi səviyyədə məsələ ilə bağlı açıqlama verməyib. Mübahisəli məsələlərin həlli danışıqlardan, təmaslardan asılıdır. Bakının necə bir yanaşma sərgiləyəcəyini zaman və təbii ki, danışıqların nəticəsi göstərəcək.

Rasim Musabəyov millət vəkili olaraq bu məsələlərə diqqət etməli, belə fikir səsləndirməməli idi. Bu, ictimai rəydə və qarşı tərəfdə yanlış təəssürat yarada bilər.

Ümumiyyətlə, bu yanaşma milli maraqlarımızın tam əksinədir. R.Musabəyovun birdən-birə “Başkəndin heç bir srateji əhəmiyyəti olmadığını” deyərək kəndin “mübadilə obyekti” olması haqda təsəvvür yaratması da xüsusilə diqqət çəkir.

Buradan iki mümkün nəticə çıxır: ya Rasim Musabəyovun milli təəssübkeşliyi yoxdur, ya da geosiyasi vəziyyəti düzgün analiz edə bilməyib.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı