Qarabağdan çıxan rus tanklarının altında görün kimlər qaldı

Bir dövr rəsmən qapanır. Qarabağ münaqişəsi həll edildikdən sonra “Rusiya sülhməramlıları necə olacaq” sualı açıq qalmışdı. Nəhayət, buna cavab verildi. Aprel ayının ikinci dekadasından başlayaraq kontingent dislokasiya yerlərini tərk etməyə başladı.

Aprel ayı bizim üçün travma və məğlubiyyət amilinə çevrilmişdi. 1920-ci ilin 28 aprel günü XI Qırmızı Ordu Vətənimizi işğal etmişdi. Milli hökumət – Xalq Cümhuriyyəti süquta uğradılmışdı. 104 ildən sonra bu ləkədən, travmadan və məğlubiyyət sindromundan birdəfəlik qurtulduq.

Azərbaycanda başqa ölkənin hərbçisi qalmayacaq. Bu, müstəqil dövlət üçün olduqca vacib məsələdir.

Əslində, 2020-ci ilin 10 noyabrında rus əsgərinin sülhməramlı sifətində Qarabağa gəlişi müvəqqəti olmaqla bərabər, simvolik xarakter daşıyırdı. Ədalətli və prosesləri proqnozlaşdıra bilən adamlar deyirdilər ki, rus hərbçilərinin Qarabağda qalması heç 2025-ci ilə qədər davam etməyəcək. Daha tez çıxacaqlar.

2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatından sonra rusların Qarabağda qalmasının məntiqi əsası yox idi. Bəzi ekspertlər iddia edirdilər ki, Rusiya hərbçiləri heç 2025-ci ildə də Qarabağdan çıxmayacaq. Bunu belə əsaslandırırdılar ki, Rusiya tarix boyu girdiyi ölkədən asanlıqla, xoşluqla çıxmır. İndi də bir qisim yazır, deyir ki, Putin Azərbaycandan nəsə qoparıb, yoxsa hərbçiləri Qarabağdan çıxarmağa razı olmazdı. Primitiv yanaşmadır və proseslərdən xəbərsiz olmağın əlamətidir.

Regional və qlobal şərtlər dəyişib. Rollar, missiyalar da həmçinin. Rusiya bizim regionla bağlı ənənəvi siyasətindən sürətlə imtina edir. Cənubi Qafqaz onun üçün çox da maraqlı deyil. Kremlin hədəfi daha böyük, daha aktual coğrafiyalardır. Moskva bu regionda sakitlik istəyir. Çünki bu, onun qlobal planları üçün lazımdır. Ona görə də Qərb Cənubi Qafqazda çaxnaşma və gərginlik yaratmağa çalışır. Rusiyaya lazım olan, ABŞ-a və Avropa İttifaqına əsla gərək deyil. Ermənistanı himayə etmək, Paşinyanı Putinə qarşı qoymaq Qərbə lazımdır. Fikir verin, bu qədər hörmətsizliyə, saymazlığa rəğmən Rusiya Ermənistanı cəzalandırmır. Təmkinini qoruyur. Çünki bilir, bu mərhələ müvəqqətidir. Birləşmiş Ştatlar və onun peyki olan Avropa İttifaqı Cənubi Qafqazda ciddi mövqe qazana bilməz. Bir də Ermənistan əvvəlki qədər Rusiyanın işinə yaramır.

Putin Azərbaycanla, Türkiyə ilə savaşmır, anlaşır. Olduqca böyük, əhəmiyyətli layihələrə birgə həmmüəlliflik edirlər. Bunlardan ən öndə gələni Cənubi Qafqazda sülhün yaradılmasıdır.

Bəs indən sonra nə olacaq? Bizi hansı xoş sürprizlər gözləyir? Yəqin ki, yaxın müddətdə Zəngəzur dəhlizi açılacaq. Amma ondan öncə hələ də işğalda qalan kəndlərin taleyi həllini tapacaq.

Bütün bu proseslərdə dominantlığı Azərbaycan edir. Onun iradəsindən, icazəsindən kənar heç nə baş vermir, baş verə bilməz.

Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikri bir daha tarixin sınağından çıxdı. 2020-ci ilin Vətən Müharibəsindən başlayaraq, 2023-cü ilin antiterror əməliyyatına kimi – bütün addımların ölçülüb-biçilmiş, düşünülmüş və vahid plan kimi atılması öz effektini göstərir. Bu siyasət Azərbaycanı qələbədən qələbəyə aparır. Xəyalını belə qura bilmədiyimiz məsələlər gerçək olur.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev baş verənlərə kifayət qədər təmkinli və əsaslı şərh verib: “Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib”.

Kremlin sözçüsü, Putinin mətbuat katibi Peskov rəsmən elan etdi ki, Rusiya hərbçiləri Qarabağdan çıxır. Bizim bəzi “hərbi ekspertlər”, “aparıcılar”, hərşeyşünas feysbuk avaraları dirəşiblər ki, yalandır. Guya burada nəsə şübhəli məsələ var. Yeri gəldi-gəlmədi Rusiyanı söyüb, ictimai rəydə rəğbət qazanırdılar, indi bu alətdən də məhrum olublar.

2020-ci ilin 10 noyabrından başlayaraq “İlham Əliyev Qarabağı Rusiyaya satdı” deyib, yazıb həşir qoparanların millətdən və dövlətdən üzr borcu var. Utansınlar bu şərləmələrinə görə. Baxmayaraq ki, onlarda utanmaq hissi yoxdur.

Bu siyasi qaraçılar, qaragüruh ustaları 3 il yarımdır ki, millətin halal qələbəsinə haram qatırlar. Gah dedilər, Qarabağı Putinə satdılar, gah dedilər, Xankəndi, Xocalı işğaldan azad edilməyincə buna qələbə demək olmaz. Gah dedilər, Laçın şəhəri Rusiyanın nəzarətindədir, ermənilərə koridor verilib. 3 il yarımdır bu zehniyyət Azərbaycanı, onun qələbəsini gözdən salmaqla məşğuldur. Eləcə də ordunun əziyyətini, hərbçilərin qəhrəmanlığını yerə vurmağa çalışır. Bu yaramazlar şəhidlərin ruhunu incidir, qazilərin yarasına köz basır.

Rusiya hərbçiləri Qarabağı tərk edir. İndi sözünüz nədir? Hansı arqumentə söykənib şər atacaq, kin qusacaqsınız? Bəlkə siz də heç vaxt olmadığınız siyasətdən gedəsiniz?

Siyasi səbatsızlığınız və qərəziniz üzündən Qarabağı tərk edən Rusiya hərbçilərinin texnikalarının tırtılları altında qaldınız. Sizin üzərinizdən həm də Azərbaycanın həqiqəti və möhtəşəm qələbəsi keçib.

Azər Ayxan
Globalinfo.az