“Azərbaycan dini və milli tolerantlıq baxımdan nümunəvi ölkə sayılır” – Cəsarət Hüseynzadə

Günümüzdə dünyanı bürüyən və tarix boyu ciddi münaqişələrə səbəb olan dini qarşıdurmalar, sosial gərginliklər tolerantlıq mövzusunu bir daha gündəmə gətirir.

Texnologiyanın və cəmiyyətlərin inkişaf etməsinə baxmayaraq, hələ də keçmiş zamanlarda olduğu kimi etnik və dini müxtəlifliyin gərginliyə səbəb olması narahatlıq doğuran amillərdəndir. Bütün bunların fonunda Azərbaycan dünyaya tolerantlıq nümunəsi olmağı bacaran ölkələrdən hesab edilir.

Ölkəmizdə müxtəlif dinlərə məxsus olan ibadət yerləri var və çox sayda fərqli azsaylı xalqlar yaşayır. İnkişaf etmiş hesab edilən bir çox dövlətlərdən fərqli olaraq Azərbaycanda onların təhlükəsiz, qarşılıqlı hörmət çərçivəsində yaşaması diqqət çəkir.

Azərbaycanda dini və milli tolerantlıq nümunəsini necə dəyərləndirilməlidir? Bizi bu mövzuda hansı məqamlar digər ölkələrdən fərqləndirir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə dünyada sürətli inkişafın getdiyi bir dövrdə hələ də bir sıra ölkələrdə tolerantlıqla bağlı mənfi halların yaşandığını bildirib:

“Bu gün süni zəkanın aktual olduğu inkişaf mərhələsinə qədəm qoymuşuq. Müxtəlif sahələrdə inkişafın elə bir mərhələsini yaşayırıq ki, 20 il öncə insanlar bu məqamları ancaq nağıllarda təsvir edərdilər. Bu qədər inkişaf müqabilində çox təəssüf ki, dünyada sabit düzənə əngəl olan bəzi məqamlar  hələ də qalmaqdadır. Buna bir nümunə Avropanın mərkəzində dini dözümsüzlük, bir qədər də dəqiq ifadə etsək islamofobiyadır. Təzadlı görünsə də, inkişaf və cəhalət bu gün yan-yana inkişaf edir. Bir çox siyasi institutların mərkəzi sayılan Avropada əksər hallarda tolerantlıq və dözümlülük ilə bağlı çox mənfi hallar davamlı olaraq yaşanmaqdadır.

Cəsarət Hüseynzadə: İctimai şuraların vahid mərkəzdən koordinasiya olunması ehtiyacı var | Sosialmedia

Cəsarət Hüseynzadə

Bəzi Avropa ölkələrindən fərqli olaraq Azərbaycan dini və milli tolerantlıq baxımdan nümunəvi ölkə sayılır. Bu gün ölkəmizdə onlarla milli azlığın nümayəndəsi yaşayır – rus, ukraynalı, tat, kürd, talış, yəhudi, türk, alman, ləzgi, tatar, avar, gürcü, saxur, udin və s…”

C.Hüseynzadə qeyd edib ki, dünyada tolerantlığın Azərbaycan nümunəsi formalaşıb:

“Bu birgəyaşayışın səbəbi tarixlə əlaqəli olduğu qədər, həm də Azərbaycan dövlətinin apardığı uğurlu siyasətlə də bağlıdır. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldiyi andan milli məsələlərlə bağlı həssaslıq nümayiş etdirdi, separatizmə meyllənən düşmən qüvvələrin qanun qarşısında cavab verməsini təmin etdi. Prezident İlham Əliyev tərəfindən Azərbaycanın tolerantlıq nümunəsi bütün dünyaya nümayiş etdirildi. Biz qürurla deyə bilərik ki, dünyada tolerantlığın Azərbaycan nümunəsi məfhumu formalaşıb. Bu ideyanın formalaşmasında eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da xüsusi xidmətləri var. Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda və dünyanın digər ölkələrində tolerantlığın təbliği ilə bağlı müxtəlif layihələr icra olunub”.

O, dövlət tərəfindən dini icmalara maddi dəstək göstərildiyini nəzərə çatdırıb:

“Bu gün ölkəmizdə 2250 məscid, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Bu günədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində minə yaxın dini qurum dövlət qeydiyyatından keçib. Azərbaycanın əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, digər dinlərə sitayiş edən insanlara qarşı hər hansı mənfi münasibət mövcud deyil. Əksinə həmin icmalara xüsusi diqqət yetirilməklə onların cəmiyyətin və dövlətin diqqətində olduqları əməli addımlarla göstərilir.

Azərbaycan bu ənənənin qorunması üçün də lazımı addımlar atılır. Düşünürəm ki, xüsusən gənclərin maarifləndirilməsi hər zaman prioritet hesab edilməlidir. Bu gün bəzi şərq ölkələrində din və milli zəmində baş verən fəlakətlər  hər bir cəmiyyət üçün dərs olmalıdır”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “Mövzu: dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”

Ayşən Mustafa
Globalinfo.az