Azərbaycan “dost ölkə”ni bağışlamadı – Sərt qərar…

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə bir sıra “Twinning” layihələri dayandırıb. Bu qərar bəzi Aİ ölkələrinin ermənipərəst və anti-Azərbaycan mövqeyi səbəbindən verilib. Rəsmi Bakı Litva ilə hüquq-mühafizə, səhiyyə və sosial təminat sahəsində üç birgə layihəni bloklayıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov sözügedən qərarın Avropa İttifaqı və Azərbaycan münasibətlərinə necə təsir edəcəyini dəyərləndirib.

Onun sözlərinə görə, Aİ strukturlarının və buraya daxil olan bir çox ölkələrin Azərbaycana qarşı qərəzli mövqeyi rəsmi Bakını bir sıra addımlar atmağa vadar etdi:

“Azərbaycan qərəzli, ermənipərəst mövqe tutan ölkələrlə bir çox ortaq layihələri dayandırıb. Həmin layihələr Avropa İttifaqının Azərbaycanda müəyyən islahatların aparılması, bəzi sahələrdə Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı həyata keçirilir.

Həmin ölkələr arasında Litvanın da adı var. Azərbaycan Prezidentinin bir müddət əvvəl Litvaya səfəri olmuşdu. İki ölkə arasındakı münasibətlər kifayət qədər dinamik xarakter almışdı. Lakin son yarım ildə bu ölkədə anti-Azərbaycan mövqeyinin yüksəlməsini müşahidə edirik.

Eyni qəbildən layihələr Polşa və Finlandiya ilə də təşkil edilir, lakin bu davam etdirilir. Ona görə ki həmin ölkələr Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı məsələlərdə bitərəf mövqedədirlər”.

Oqtay Qasımov 

Politoloqun fikrincə, Azərbaycanın Avropa İttifaqına üzv 30 ölkədən 10-u ilə yüksək səviyyədə, strateji tərəfdaşlıq dərəcəsində münasibətləri var:

“Ticarət, iqtisadiyyat, energetika və logistika sahəsində əlaqələr davam edir. Lakin hazırda Avropa İttifaqı ilə Azərbaycan münasibətləri özünün təzadlı dövrünü yaşayır.

Son iki ildə Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərliyi arasında danışıqlar gedirdi. Bu istiqamətdə müsbət dinamika əldə edilmişdi. Lakin son 4 ay ərzində Fransanın və Aİ-yə daxil olan bir sıra dövlətlərin anti-Azərbaycan mövqeyi həmin münasibətlərə ciddi şəkildə xələl gətirdi”.

Safura Bənnayeva
Globalinfo.az