Prezidentin gündəmə gətirdiyi kəndlərlə bağlı politoloqdan ŞƏRH

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ölkəmizin hələ də işğal altında qalan kəndləri barədə danışıb və bu məsələnin daim gündəmdə olduğuna diqqət çəkib.

Ölkə başçısı mövzunun Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edildiyini də vurğulayıb. Üstəlik, bu ay komissiyaların növbəti görüşünün nəzərdə tutulması və anklavlar məsələsinin yenidən müzakirə olunması bu istiqamətdə müsbət irəliləyişlərin olacağına ümidləri xeyli artırır.

Bəs görəsən, 8 kəndin qaytarılması nə zaman reallaşa bilər?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, anklavların Azərbaycana qaytarılması və sərhədlərin müəyyənləşdirilməsi mühüm prioritet təşkil edir:

“Nəzərə almaq lazımdır ki, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya həm də anklavların gələcəyi, onların müqəddəratı məsələsini araşdırır, ortaq nöqtələrin tapılması üzərində çalışır. Müsbət bir hal kimi delimitasiya komissiyasının əsasnaməsinin təsdiq olunmasını qeyd etmək mümkündür. Burada müvafiq şəxslər də fəaliyyət göstərirlər. Belə ki, Azərbaycan tərəfindən maraqlarımızı Baş nazirin müavini Şahin Mustafayev qoruyur. Ermənistan tərəfindən isə Baş nazirin müavini Mher Qriqoryan bu işlərə rəhbərlik edir. Tərəflər bir-birilərini çox yaxşı tanıyırlar, işçi münasibətləri qurublar. Eyni zamanda Prezident İlham Əliyev də 8 kəndin qaytarılmasının gündəmdə olduğunu bildirib.

İLYAS HÜSEYNOV: “ƏGƏR SÜLH QƏRBDƏ İMZALANSA RUSİYA ƏNƏNƏVİ TƏSİR RIÇAQLARINI İŞƏ SALACAQ”

İlyas Hüseynov

Ötən ilin sonunda MDB Dövlət Başçılarının Sankt-Peterburqda formal sammiti çərçivəsində də liderlərin ayaqüstü söhbəti olub. Bu söhbət əsnasında da anklavlar məsələsi müzakirə edilib və 8 kəndin gələcəyinə dair fikir mübadiləsi aparılıb. Düşünürəm ki, sülh müqaviləsinin maddələrinin qarşılıqlı razılaşdırılması və tanınması baş verəcəksə, bu zaman sərhədlərin müəyyənləşdirilməsi və kəndlərin qaytarılması məsələsi həllini tapacaq. Ona görə də, sülh müqaviləsi baza prinsiplərini əhatə etməlidir. Yəni öncə sülh müqaviləsi imzalanmalı, daha sonra isə anklavların qaytarılması, sərhədlərin nişanlanması və demarkasiya məsələsi həllini tapmalıdır. Aydındır ki, bu, çətin və vaxt aparan məsələdir. Lakin bu işləri gələcəkdə sual işarəsinin yaranmasına zəmin vermədən həll etmək vacibdir”.

Əliyar Xəlil
Globalinfo.az