Ermənilərdən tapşırıq alan bir ovuc “mühacir” Almaniyada belə rəzil oldu

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 26-da keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etməsi görünür, erməni lobbisinin ürəyincə olmayıb.

Belə ki, ölkə başçısının Almaniyaya səfər etməsindən xəbər tutan erməni lobbisi və onların havadarları təxribat xarakterli “etiraz” aksiyasına hazırlaşıblar.

Öncədən deyilirdi ki, bu aksiyada Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror olmuş Luis Okampo və Almaniya Mərkəzi Erməni Şurasının üzvləri də iştirak edəcək.

Mövzunu Globalinfo.az-a şərh edən deputat Bəhruz Məhərrəmov deyib ki, Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı fonunda səmimiyyətlə deyə bilərik ki, Azərbaycan iqlim dəyişikliklərinə qarşı mübarizə barədə danışmağa haqqı çatan azsaylı beynəlxalq subyektlərdən biridir.

Deputatın sözlərinə görə, bizim beş milli prioritetimizdən biri – “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmaqdır:

“Azərbaycan 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 40 faiz azaldılması kimi hədəf müəyyən edib, bu istiqamətdə konseptual planların icrasına başlayıb. 30 il ərzində digər cinayətlərlə bərabər, ekoloji terrora məruz qalan Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra Livan ölçüdə olan bu ərazilər bütövlükdə yaşıl enerji zonası elan olunub, genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması ilk şərtlərdən biri kimi müəyyənləşib. Lakin təəssüf ki, bu reallıqlara rəğmən kollektiv Qərbin qərəzli davranışlarını və Azərbaycana münasibətdə ayırıcı xətlərini aydın formada görməkdəyik. Xüsusən Fransanın timsalında bəzi beynəlxalq subyektlər və muzdlu beynəlxalq təsisatlar Azərbaycanı zəngin karbohidrogen ehtiyatlarına malik olmaqda ittiham edərək açıq formada səlib yürüşü başladır. Regionda münaqişələrə öz maraqlarının təmini üsulu kimi baxan bu qüvvələri Azərbaycanın qələbəsi ilə yaranan sülh imkanı daha da radikallaşdırır və onlar nəyin bahasına olur olsun, işğal dönəminin status-kvosunu bərpa edərək neoimperialist niyyətlərini həyata keçirmək istəyirlər”.

B.Məhərrəmov deyib ki, ötən dövr ərzində çoxsaylı beynəlxalq platformalarda məhz bu təcavüzkar məqsədlərə xidmət edən hücumlara şahidlik etmişik:

26 aprel 2024-cü il. Prezident İlham Əliyev Berlində Almaniya kansleri Olaf Şoltsla görüşür

“Lakin heç bir cəhd nəinki Azərbaycanın iradəsini qıra, yaxud cənab İlham Əliyevi mövqeyindən döndərə bilməyib, əksinə, o dairələr özləri ifşa olunaraq geri çəkilməli olub. Yəni sadə dildə desək, Prezident İlham Əliyev hər bir cəhddə səlibçi təfəkkürə layiq olduqları və başa düşdüyü dildə dərslərini verib. Azərbaycan Prezidenti Almaniyaya Bakıdan yox, işğala son qoyulduqdan sonra cəmi 9 aya inşa edilmiş Füzuli şəhərindən təsadüfən yola düşmədi. Dövlətimizin başçısı göstərdi ki, qeyri-sağlam məqsədlərlə kollektiv Qərb nəyə cəhd edir-etsin, son nəticədə bu bölgənin son sözünün sahibi, 30 il ərzində işğal və separatizm yuvasına çevrilmiş, daşı-daş üstündə qoyulmamış, hər qarışı minalanmış Füzulini beynəlxalq əhəmiyyətli infrastruktur mərkəzinə çevirən iradədir”.

Deputatın sözlərinə görə, kollektiv Qərb İlham Əliyevin çox çətin rəqib olduğunu və hərb meydanında olduğu kimi, diplomatik masada da onun iradəsinə təsir etməyin, ona qalib gəlməyin mümkün olmadığını dərk edir:

“Məhz bu baxımdan, Qərb yenidən destruktiv üsula əl ataraq Azərbaycan Prezidentinin səfəri zamanı təxribat xarakterli aksiya ilə nəyəsə nail olmağa çalışır. Ənənəsinə uyğun olaraq bu dəfə də aparıcı alət kimi erməni diasporu – indiki halda Almaniya Mərkəzi Erməni Şurasının üzvləri, korrupsiyalaşmış siyasi və mənəvi əxlaqsız olan Beynəlxalq Cinayət Məhkəməsinin sabiq baş prokuroru Luis Okamponun timsalında bəzi muzdlu siyasilər, habelə şərəfini antiazərbaycan dairələrə satmış bir ovuc “azərbaycanlı mühacir“ – internet xuliqanları istifadə edilir. Bu prosesdə özlərini azərbaycanlı adlandıran, əslində isə bir qarın çörəyə xarici kəşfiyyatın istifadəsində olan insanların iştirakı xüsusi ikrah doğurur. Lakin heç şübhəsiz ki, hərbi-siyasi qələbələrinin ardınca tarixinin ən qüdrətli dövrünə qədəm qoyan Azərbaycanın və Prezident İlham Əliyevin yeni reallıqlarda miqyası o qədər nəhəngdir ki, bu tip ucuz gedişlərə hansısa təsir mexanizmi kimi baxmaq gülünc görünür”.

Zaira Akifqızı
Globalinfo.az