Sülh sazişinin tarixi ilə bağlı son açıqlama: COP29 başlayana kimi…

Azərbaycanla Ermənistan arasında son proseslər diqqət çəkir. Müharibə ritorikası getdikcə azalır, sülh danışıqları ilə bağlı gözləntilər, ümidlər artır.

Prezident İlham Əliyev ADA-dakı beynəlxalq konfransda bu məsələyə toxunub. Bildirib ki, Ermənistanla Azərbaycan sülhə yaxındırlar.

Son hadisələr də bunu deməyə kifayət qədər əsas verir. Azərbaycanın anklav olmayan 4 kəndinin geri qaytarılması, Qazax istiqamətində delimitasiya prosesinə, sərhəd dirəklərinin quraşdırılmasına başlanması, eləcə də iki ölkənin xarici işlər nazirlərinin danışıqlarının intensivliyinin bərpası istiqamətində atılan addımlar sülhə inamı xeyli möhkəmlədir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana gələcəyi haqda da məlumatlar dolaşır. Bildirilir ki, COP29 çərçivəsində baş nazir Bakıya dəvət edilə bilər. Ekspertlərin proqnozuna görə, bu, sülh və ya çərçivə sazişi bağlanılacağı ehtimalını artırır.

Globalinfo.az saytının təsisçisi, Əməkdar jurnalist Azər Ayxan ARB-24 kanalında yayımlanan “Nə baş verir?” proqramında bu haqda danışıb. Jurnalist sülh sazişinin reallaşacağına böyük ümidlərin olduğu deyib. O, həmçinin Almaniyanın Azərbaycanla pozitiv münasibətlər qurmasının, Rusiyanın Cənubi Qafqazda tutduğu mövqenin səbəblərinə də toxunub.

Həmin verilişin videosunu təqdim edirik.

Qeyd edək ki, A.Ayxanın çıxışı 1:42:40-cı dəqiqədən başlayır: