Qafqazda böyük savaş: Azərbaycan son döyüşə hazırlaşır

Baş verənlər müharibəöncəsi vəziyyəti xatırladır. Ermənistan demək olar hər gün sərhəddə atəşkəsi pozur. Aprelin 10-da törədilən təxribat zamanı bir hərbçimiz yaralanıb. Dövlət Sərhəd Xidmətinin (DSX) baş leytenantı Rövşən Məmmədov ermənilərin açdığı atəş nəticəsində xəsarət alıb.

Azərbaycan hələ ki təmkinini qoruyur. Zatən bu atəş pozmaların əsas məqsədi Bakını tələyə salmaqdır. Qarşı tərəf elə bir vəziyyət yaratmağa çalışır ki, ona vaxtından əvvəl cavab verilsin. Bununla da sülh müqaviləsi, delimitasiya, demarkasiya məsələləri ortalıqdan yığışsın. Ən əsas da işğaldakı Azərbaycan kəndlərinin qaytarılması xeyli müddət təxirə düşsün. Amma məqsəd tam olaraq bunlar deyil. Dərin qatları var prosesin.

Şübhə etmirik ki, məkrli planın arxasında Ermənistanın Qərbdəki havadarları dayanır. Təxribatın ideoloji əsasları Avropa paytaxtlarında hazırlanıb. İcrası Qafqazda həyata keçirilir. 7 aya yaxındır ki, Güney Qafqazda Azərbaycanın səyləri nəticəsində separatizmə, müharibəyə son qoyulub. Artıq region daha qlobal layihələr üçün hazırlanır. Bu qlobal layihələrdə təmsil olunan aparıcı ölkələr Azərbaycan, Türkiyə və Rusiyadır. Hər üç ölkə bunu haqq edir – bölgənin liderləridir. Güney Qafqazın əlverişli müstəviyə çevrilməsində Çin də maraqlıdır. İranın bu geopolitik layihəyə tərəddüdlə yanaşması müvəqqətidir. Tehran pastadan payını alacaq, sadəcə daha böyük dilim istəyir. Ona istədiyi yox, haqq etdiyi veriləcək.

Beləliklə, masadakı konfiqurasiya Qərbi ciddi narahat edir. Ona alternativ bir güc mərkəzinin yaradılmasını əngəlləmək üçün sülhə mane olmaq xətti götürüb. Prosesin kilid coğrafiyası Güney Qafqazdır. Lakin əsas proses Azərbaycan vasitəsilə reallaşır. Zəngəzur dəhlizi ona görə dünya gücləri arasında intriqa, çəkişmə mövzusudur. Əslində bu dəhliz Qərbin də maraqlarına uyğundur. Sadəcə koridorda əsas söz sahibliyi uğrunda qızğın mübarizə gedir. Regionun aparıcı ölkələri (Azərbaycan, Türkiyə, Rusiya, müəyyən qədər İran) haqlı olaraq deyirlər ki, yad aktorların dəhliz və bütövlükdə region üzərində ağalıq etmək istəyi qəbuledilməzdir. ABŞ, Avropa İttifaqı (Aİ) isə yeni sivilizasiyanın yaranmasından o qədər qorxurlar ki, bunu əngəlləməyin yolunu savaşın bitməməsində görürlər.

Azərbaycan üzərindən çox nəhəng projelər gerçəkləşməkdədir. Türk dünyası birləşir, Türkiyənin ölkəmiz vasitəsi ilə Mərkəzi Asiya ilə birbaşa əlaqələri yaranır, Rusiya yeni böyük bazara, sivilizasiyaya qovuşur, Çin növbəti bir kəmər əldə edir və alternativ yaradır. Azərbaycan bu məsələdə ona bütün qapıları açıb. Pekin bu yolla Qərbin basqılarını azaldır, paraleldə bölgədə üstünlüyünü təmin edir. İranın da enində-sonunda bu birliyə qoşulacağı istisna edilmir. Nəticədə ABŞ və onun arxa bağçası sayılan Avropanın bu regiona təsir imkanları minimuma enir.

Ermənistanın Rusiyaya demarşlarına Putinin təmkinli yanaşmasının səbəblərini burada axtarmaq lazımdır. Türkiyənin Ukraynaya təklif etdiyi barışdırıcı missiyasına Volodimir Zelenski tərəfindən rədd cavabının verilməsini də bu kontekstdən dəyərləndirmək mümkündür. Nəhayət, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı yönələn davamlı təxribatlarının məqsədi də bu birliyə çomaq soxmaqdır. Savaş olsun, qan tökülsün və Qərbin niyyəti baş tutsun – hədəf budur.

Hələlik ABŞ-ın və Aİ-nin bu təxribat planlarının baş tutmaması üçün bölgə ölkələri usta oynayırlar. Fəqət bu, sona qədər belə davam etməyəcək. Ermənistan bu rəftarının bədələni ağır ödəyəcək. Elə bir vəziyyətə düşəcək ki, Qərbin, Rusiyanın, İranın və başqa güclərin əlində alət olmağa yaramayacaq. Bu ölkə regional və qlobal mənada sülhə maneədir. Terror, separatizm, müharibə üçün münbit məkandır. Ermənistanı bu imkanlardan məhrum etmək indi yalnız Azərbaycanın hədəfi deyil, yaranmaqda olan yeni güc mərkəzinə üzv ölkələrin hamısının öhdəliyinə çevrilib.

Əslində Azərbaycan təkbaşına bu işin öhdəsindən gəlib. Həm 44 günlük Vətən müharibəsi, həm də 19-20 sentyabr 2023-cü il tarixdəki bir sutkalıq antiterror əməliyyatları Ermənistanı əsaslı şəkildə neytrallaşdırıb, gücdən salıb.

Ermənistan hərbi, siyasi, iqtisadi, hətta psixoloji baxımdan tərksilah edilib. Qərbin qucağına düşən bu bədbəxt və gələcəksiz ölkə son oyununu oynayır. Olsa-olsa prosesi bir-iki il ləngidəcək. Bundan o tərəfə mümkün olmayacaq. Qərb də özünün tənəzzül dövrünü yaşayır. Başında bir sürü problem, qovğa var. Ermənistan ona bir müddət lazımdır. İstədiyini alandan, ya da ala bilməyəndən sonra istifadə müddəti bitmiş dərman kimi Paşinyanı və Ermənistanı kənara atacaqlar. Necə ki, Rusiya iki əsrdir istifadə etdiyi bu ölkənin arxasından çəkildi. Moskva anladı ki, heç bir perspektivi olmayan bir ölkəyə görə gələcəyin dünyasından, nəhəng projelərdən özünü kənarda saxlamaq ağılsızlıqdır.

Qafqazda savaş riskinin azaldılmasında, sülhün davamlı olmasında əsas yük, məsuliyyəti Bakının üzərinə düşür. Azərbaycan son savaş hazırlığı içindədir – müharibənin kökünü kəsmək üçün savaşmaq!

Bu məsələdə qardaşı Türkiyə yenə yanımızdadır. Mövlud Çavuşoğlunun Bakı səfərində verdiyi bəyanat olduqca önəmlidir. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər də deyib ki, Türkiyə Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanında olacaq.

Ermənistanı silah kimi üstümüzə tuşlayanlara bundan yaxşı nə cavab ola bilər? Biz son illər bütün növ savaşları güc, zəka hesabına, bir də haqlı olmağımızla qazanmışıq.

Azər Ayxan
Globalinfo.az