4500 müharibə iştirakçısı niyə veteran vəsiqəsi ala bilmir?

Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib ki, Vətən müharibəsində arxa cəbhədə ordunun təchizatı ilə məşğul olan təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır.

Mövzunu Globalinfo.az-a şərh edən AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, müharibə iştirakçılarının sənəd ala bilməmə məsələsi xeyli aktualdır.

Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar AĞ Partiyaya çoxlu sayda müraciətlər daxil olur:

“Qüdrət bəy deməmişdən öncə də bununla bağlı bizim partiyaya kifayət qədər şikayətlər daxil olurdu. Nəinki arxa cəbhədə, hətta ön cəbhədə döyüşüb hərbi biletində döyüşdüyü istiqamətlər qeyd olunan insanlar var ki, onlar belə bu gün veteran vəsiqəsi ala bilmirlər. Bir çoxunun medalı olsa da veteranlıq ala bilmir, bəzilərinə də medalları verilmir. Boşluqlar mütləq doldurulmalıdır. Azərbaycan elə regiondur ki, hər an öz sərhədlərini qorumaq məcburiyyətində qala bilər. Ona görə də, gərək bu insanlar incidilməsinlər, pis nümunələr olmasın”.

T.Abbaslı deyib ki, bəzi tibb işçiləri də veteran vəsiqəsi ala bilməyib:

“Adamlar qaynar nöqtələrdən yaralıları çıxarıb, həmin döyüşçülərə tibbi xidmət göstəriblər, amma onlara belə veteranlıq verilməyib. Bunun iki səbəbi ola bilər: Birincisi – burada xaotik vəziyyət var və rəsmi sənədləşdirmə mümkün olmur. İkincisi ola bilsin, hökumət büdcəyə yük düşməsini istəmir. Bilirsiniz ki, veteranlar ayda 80 manat müavinət alırlar. Lakin hər iki halda nə maddi vəziyyət, nə də sənədləşdirilmənin qaydada olmaması hökumətə əsas vermir ki, bu qədər insanı narazı salsın. Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında, ümumiyyətlə, həmin dönəmlərdə olan bəzi əməliyyatlarda kiçik bir əziyyəti olmuş hər bir kəs veteranlıq almalıdır. Hamı bilməlidir ki, bu adam savaşda öz tövhəsini verib və dövlət onu dəyərləndirib”. Aidiyyatı qurumlardan bildirilib ki, bu iddialar o zaman araşdırıla bilər ki, konkret adlar təqdim edilsin. Yalnız bundan sonra rəsmi açıqlama verilər.

Zaira Akifqızı
Globalinfo.az