Rusiyadan dünyanı qorxuya salan ANONS – Dəhşətli addım atılacaqmı?

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynaya qoşun göndərən istənilən ölkələrin ərazisinə nüvə zərbəsi endiriləcəyini bildirib. Belə olan halda Vaşinqton, London, Paris şəhərlərinin də Rusiyanın hədəfində olacağını qeyd edib.

Politoloq Natiq Miri Globalinfo.az-a deyib ki, Medvedev Rusiya siyasətində o qədər də ciddi fenomen deyil:

“Son illər içkiyə qurşandığı üçün nə dediyini özü də anlamır. Bir növ, Jirinovskinin yerini əvəzləyəcək şəxs timsalında çıxış edir. Lakin elə də ciddi qəbul olunmur. Bu cür açıqlamaları Qərbdə özləri üçün bəhanə olaraq istifadə etmək istəyənlər var. Guya taktiki nüvə silahlarından istifadə ediləcəyi barədə fikirlər səsləndirilir. Nüvə silahının tətbiqi birtərəfli deyil. Yəni bu addımı atarsa, qarşılığını da görəcək. Belə silahlar ABŞ və onun müttəfiqi olan ölkələrdə Rusiyadakından daha çoxdur”.

Politoloqun fikrincə, Medvedevin yanaşması tamamilə absurddur və Rusiya ilə əməkdaşlıqda maraqlı olan siyasətçilərə verilən bəhanədir:

“Bununla da Qərbin Ukrayna müharibəsi ilə bağlı Rusiyaya təzyiq etməsinin qarşısını almağı planlaşdırırlar. Bu silahlar kütləvi insan qırğınına səbəb olmaq gücündədir. Bir dəfə istifadə olunarsa, onillər boyu təsiri qalır. 1945-ci il Xirosima və Naqasakidə baş verən hadisələr buna misaldır. Ona görə kim bu məsuliyyəti üzərinə götürə bilərmi? Bu, sadəcə ritorikada mövcuddur. Nüvə silahları istifadə üçün yaradılmayıb. Onun əsas hədəfi çəkindirməkdir. İstifadə olunduğu halda bütün bəşəriyyət məhv olacaq”.

Safura Bənnayeva
Globalinfo.az