Fransanın “Şuşi” sözünə Bakıdan “Total” cavab: “Bir gecənin içində…”

Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin Azadlıq Radiosuna verdiyi müsahibədə dedikləri diqqət çəkib. Belə ki, səfir 19 apreldə Azərbaycanla Ermənistan arasında delimitasiya barədə razılıq və Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nün qaytarılması qərarına münasibət bildirərkən deyib ki, “Ermənistan Almatı Bəyannaməsi əsasında müəyyən “güzəştlərə” getməyə hazır olduğunu bildirib”.

Səfirin müsahibəsində diqqətçəkən bir məqamda onun “Hazırda Azərbaycan Ermənistan ərazisinin böyük hissəsini işğal edib və o, həmin əraziləri tərk etməlidir” sözləri olub.

Dekottini Fransanın Bakıdakı səfirinin “harada olması” sualına cavabında da “Şuşidə deyil” deyib.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin müsahibədə dediklərində təəccüblü heç nə yoxdur:

“Biz Fransanın Ermənistana havadarlıq etməsinə öyrəşmişik. Bir halda ki, Fransa Prezidenti Emmanuel Makron Ermənistanı dəstəklədiyini bildirir, separatçıları himayə edir, səfirin də ondan fərqli nə isə etməsini gözləmək sadəlövhlük olardı.

Ümumiyyətlə, Olivye Dekotini diplomat olsa da müsahibə zamanı dedikləri onun savadsızlığını göstərir:

Birincisi, səfir deyir ki, “Ermənistan Almatı Bəyannaməsi əsasında müəyyən “güzəştlərə” getməyə hazır olduğunu bildirib”. Səfirin böyük ehtimalla adıçəkilən bəyanatdan xəbəri yoxdur. Olsa idi bilərdi ki, Azərbaycana qaytarılan kəndlər qeyri-anklav kəndlərdir. Həmin kəndləri Ermənistan Birinci Qarabağ müharibəsi illərində işğal edib.

Azərbaycanın heç kəsin güzəştinə ehtiyacı yoxdur. Bizim olan torpağın bizə qaytarılmasını güzəşt kimi təqdim etmək yaltaqlıq, ikiüzlülükdür.

İkincisi, səfir “Hazırda Azərbaycan Ermənistan ərazisinin böyük hissəsini işğal edib və o, həmin əraziləri tərk etməlidir” deyir. Sual yaranır, söhbət hansı ərazilərdən gedir? Olmaya, səfir Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisini işğaldan azad etməsini işğal olaraq qiymətləndirir?

Yaxşı olardı, səfir fikrini çiy saxlamasın və konkret hansı ərazilərin işğal edildiyin açıqlasın. Böyük ehtimalla o, bunu edə bilməyəcək, amma mən rahatlıqla deyə bilərəm ki, Fransa bu gün Yeni Kaledoniya və Korsikanı faktiki olaraq işğal edir. Bu ərazilər illərdir Fransadan ayrılmaq istəsə də Paris, Korsika və Yeni Kaledoniya xalqlarının öz müqəddəratını təyinetmə hüququna hörmət etmir.

Üçüncüsü, Dekotini Fransanın Bakıdakı səfirinin “harada olması” sualına cavabında da “Şuşidə deyil” deyib. Ümumiyyətlə, “Şuşi” deyə bir şəhər yoxdur. Fransa əməldə olmasa da rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkələrdəndir. Bu ölkənin səfirinin Azərbaycanın Şuşa şəhərinə “Şuşi deməsi öz ölkəsinin qərarlarına hörmət etmədiyini göstərir. Bundan başqa Fransanın Ermənistandakı səfiri Şuşaya “Şuşi” deyərək şəhərin erməni şəhəri olduğunu iddia edirsə, o zaman Bakıdakı səfir Şuşaya niyə səfər edib?

Fransa faktiki olaraq odla oynayır və belə boş, mənasız provakasiyalardan uzaq dursa yaxşıdır. Paris unutmamalıdır ki, iqtisadi maraqları Bakıdan asılıdır. “Total” şirkətinin ölkəmizdə böyük payları var. Bu paylar bir gecədə əllərindən alına bilər. Şuşaya “Şuşi” demək belə rahatdırsa “Total”ın paylarını da əlindən almaq bizim üçün rahat ola bilər”.

Turan Rzayev
Globalinfo.az