Putinin ismarışları narahatlıq yaratdı – Moskva ilə danışıqlar başlayır?

“Rusiya prezidentinin andiçmə mərasimində Federasiya Məclisi, Duma və Konstitusiya Məhkəməsinin üzvləri, mətbuat nümayəndələri və vətəndaşlar da daxil olmaqla 2600-ə yaxın qonaq iştirak edib. Rusiya televiziya kanallarında canlı yayımlanan mərasimdə Rusiya Prezidenti Vladimir Putin əlini Rusiya Konstitusiyası kitabçasına qoyaraq and içib. Mərasimdəki çıxışında Putin onu yenidən seçən vətəndaşlara təşəkkür edib və Rusiya xalqının maraqlarının və təhlükəsizliyinin onun üçün hər şeydən önəmli olduğunu vurğulayıb”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.

Onun sözlərinə görə, Putin Rusiyanın yeni dövrdə Qərblə münasibətlərini necə formalaşdıracağına toxunub:

“70 faizdən çox səslə seçilən 71 yaşlı Putin 2030-cu ilə qədər bu vəzifəni icra edəcək. Konstitusiya dəyişiklikləri nəticəsində Putin 6-cı dönəmdə prezidentliyə namizəd ola biləcək. Rusiyanın çoxqütblü dünya nizamı yaratmaq üçün öz tərəfdaşları ilə işləməyə davam edəcəyini bildirən Putin, “Avrasiya inteqrasiyasındakı tərəfdaşlarımız və digər hakim inkişaf mərkəzləri ilə birlikdə çoxqütblü dünya nizamının yaradılması üçün də fəaliyyətimizi davam etdirəcəyik”, dedi.

Putin andiçmə mərasimindən sonra baş nazirliyə namizədini Rusiya parlamentinin aşağı palatası Dumada yeni hökumətin formalaşdırılması üçün parlament üzvlərinin təsdiqinə təqdim edəcək. Yeni konstitusiya dəyişikliyinə görə, parlamentin baş nazir namizədini qəbul etmək və ya rədd etmək səlahiyyəti var.

Parlamentin təsdiqindən sonra baş nazir baş nazirin müavinləri və icra nazirliklərinə namizədləri tövsiyə edəcək. Parlamentin də kabinetin bu üzvlərini təsdiq etməsi lazım olacaq.

Rusiya mətbuatında yer alan şərhlərdə Mixail Mişustinin adı baş nazirliyə namizəd kimi yenidən gündəmə gəlir. Rusiya Prezidenti Vladimir Putin Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası ilə məsləhətləşərək Dumanın razılığı olmadan xarici işlər nazirini, müdafiə nazirini, ədliyyə nazirini, fövqəladə hallar nazirini və daxili işlər nazirini birbaşa təyin edəcək. Qanuna görə, yeni hökumətin təsdiq prosesi ən çox mayın 20-dək çəkə bilər”.

Turan Rzayev
Globalinfo.az