Səməd Seyidov: “Paşinyana bir neçə yerdən tapşırıq verilib…”

 

Son günlər regionumuzda cərəyan edən hadisələr, xüsusilə Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə səsləndirdiyi fikirlər, eləcə də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi məsələsi gündəmdə olan əsas mövzulardır.

Sözügedən proseslərlə bağlı Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Globalinfo.az-a müsahibəsini təqdim edirik:

– Səməd müəllim, Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı ittihamlarının səbəbi nədir?

– Paşinyan hər zaman Azərbaycana qarşı yersiz ittihamlarla çıxış edir. Praqada bir söz deyib, dünən gəlib başqa söz danışır. Fransızların, xarici dövlətlərin yanında sülh və müharibə haqqında reallıqdan uzaq fikirlər səsləndirir. Təəssüf ki, biz Paşinyandan qeyri-ciddi yanaşma görürük. Əlbəttə, biz də istərdik ki, bu məsələyə ciddi yanaşılsın. Azərbaycan öz istək və təkliflərini artıq masa üzərinə qoyub. Hesab edirəm ki, bu təkliflər əsasında Cənubi Qafqazda real sülh əldə etmək mümkündür. Sadəcə, qarşı tərəf də eyni məsuliyyəti dərk etməlidir.

– Niyə görüş vaxtı sülh müqaviləsi imzalamağa razı olan Paşinyan görüşdən sonra fikrini dəyişir?

– Paşinyanın fərqli davranışları ona dəlalət edir ki, ona bir neçə tapşırıq verilib və bunlardan ən əsası vaxtı uzatmaqdır. Nəyi əldə edəcək axı?! Ola bilsin ki, Nikol Türkiyədə keçiriləcək seçkiləri və ya Rusiyada baş verən hadisələri gözləyir. Bəlkə də, İranda baş verən hadisələrin sonunu gözləyir. Lakin Azərbaycan elə reallıqlar yaradıb ki, bunları heç kim dəyişmək iqtidarında deyil.

– Bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanması gözlənilirmi?

– Bu, Paşinyandan və erməni cəmiyyətindən asılıdır. Əgər oyun oynayıb, məsələyə məsuliyyətsiz yanaşacaqsa, vaxt udmaqla məşğul olacaqsa, o zaman proses çətinləşəcək. Yox, əgər məsuliyyətli və düzgün davranış göstərsə, hər şey ola bilər.

– TDT-nin Zirvə Görüşü zamanı Cənab Prezident qeyd etdi ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlı məktəblərdə öz ana dilində təhsil almaq imkanlarından məhrumdur…

– Biz artıq türk dünyası birliyinin yeni bir mərhələyə yüksəlməsinin canlı şahidiyik. Artıq elə bir mərhələyə gəlib çıxmışıq ki, türk dövlətləri arasında 200 milyondan çox insanın taleyi ilə məşğul olmaqla yanaşı, türk dövlətlərinə daxil olmayan, lakin türk dilində danışan, bizə ruhən yaxın olan 40 milyondan çox insanın öz dilimizdə danışması məsələsini ortaya qoyuruq. Bu, tarixi bəyanatdır. Biz artıq açıq şəkildə bu haqda danışa bilərik. Bu gün yüksək səviyyədə inkişaf edən, dünyaya açıq olan Azərbaycan İranda yaşayan 40 milyondan çox soydaşımız üçün nümunəyə çevrilib. Bu nümunə psixologiyası İran hakimiyyətində olan şəxsləri narahat edir. Ona görə də, görün, gedib kimlə qardaşlıq edirlər. İslama qarşı cinayət törədən, məscidlərimizi dağıdan, orada donuz saxlayan, azərbaycanlılara qarşı soyqırım həyata keçirən ermənilərlə dost olub, silah verirlər. Onların məqsədi Azərbaycanın uğurlarının qarşısını almaqdır.

– Sizcə, İranın Azərbaycanla bağlı hazırkı mövqeyi nə vaxt dəyişəcək?

– Azərbaycan regionda proseslərin kəskinləşməsinə qarşıdır. Biz sülh tərəfdarıyıq, amma heç kimə imkan vermərik ki, dövlətimizə təhlükə yaratsın. Azərbaycan kiməsə təhlükə yaratmır və yaratmayacaq da. Hər zaman demişik və yenə də təkrar edirik: Xudafərin körpüsü dostluq körpüsüdür. Biz müqaviləyə əsasən böyük işlər görməkdə israrlıyıq. Lakin gərək qarşı tərəf də eyni davranışı göstərsin.

Zaira Akifqızı
Globalinfo.az