“Milli maraqların qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin vəzifəsidir”

İctimai və dövlət maraqlarının qorunması hər bir vətəndaşın borcudur. Çünki hər iki amil həyati əhəmiyyət kəsb edir. Bəs ictimai və dövlət maraqlarının müdafiəsi üçün hansı addımlar atılmalıdır? Ümumiyyətlə, bu sahədə hansı boşluqlar var ki, onlar mütləq öz həllini tapmalıdır?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, ictimai və dövlət maraqları bir-birindən incə cizgilərlə ayrılan iki məfhumdur.

Onun sözlərinə görə, demokratik toplumlarda bu ayırıcı cizgi demək olaraq yox olur və milli maraqlar anlayışı ortaya çıxır:

“Bu da səbəbsiz deyil. Dövlətlər onu quran cəmiyyətlərin iradəsi ilə yarandığından onun ən ümdə vəzifəsi toplumun maraqlarını qorumaqdır. Toplumun maraqlarının ən yaxşı müdafiəsi isə bu işdə onun özünün də nə qədər iştirakından asılıdır. Odur ki, demokratik institutların, seçkilərin milli maraqların qorunmasında rolu danılmazdır.

Fikrimcə, ictimai və dövlət maraqlarının müdafiəsinin tam təşkili üçün ilk növbədə ədalətli seçki mühiti mühümdür. Vətəndaşlar onu idarə edən qanunların hazırlanmasında birbaşa (referendum) və ya bilavasitə (seçilmiş deputatlar yolu ilə) iştirak etməlidir. İnanıram ki, bu zaman milli maraqların qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin vəzifəsinə çevriləcək, hər kəsin bu sahədə fəallığı artacaq. Beləcə, milli maraqların mühafizəsi daha da möhkəmləndiriləcək”.

Heydər Oğuz

H.Oğuz deyib ki, ikinci mühüm amillərdən biri qeyri-hökumət və siyasi partiyaların fəaliyyətidir:

“Çünki toplum içərisindəki müxtəlif maraq qrupları rahatlıqla bu təşkilat və partiyalarda birləşə, öz hüquqları uğrunda qanunların imkan verdiyi ölçüdə mübarizə apara bilərlər. Beləcə, hər kəsin maraqlarının qorunması ilə ümummilli maraqlar ortaya çıxır. Belə olmadığı təqdirdə ictimai və dövlət maraqlarının altı boş qalar və manipulyasiya alətindən başqa bir anlam ifadə etməz.

Milli və dövlət maraqları iqtisadi sahədə də bir çox mühüm islahatların aparılmasını zəruri edir. Ölkənin varidatı daha geniş çevrə arasında və daha ədalətli şəkildə bölüşdürülmədən siyasi və ictimai sabitliyi qorumaq da çətinləşir. Dövlətlər özlərini mümkün təxribatlardan qorumaq üçün bu prosesə daha çox vətəndaşın cəlb olunmasında maraqlı olmalıdır.

İqtisadi təşəbbüskarlıq imkanlarının müxtəlif təşviq metodları ilə artırılması, korrupsiya və rüşvətxorluğa qarşı daha effektli mübarizə, vergi-gömrük sistemində şəffaflıq, azad rəqabət fürsəti və s. kimi siyasətlərlə ictimai maraqların qorunmasını daha geniş spektrə yayılmasını reallaşdırmaq olar.

H.Oğuzun fikrincə, təhsil, səhiyyə, ortaq mədəniyyət və s. kimi sahələr də nəzərdən qaçırılmamalıdır:

“Bu sahələrdə çalışan adamlarının işgüzarlıq qabiliyyətinin artırılması milli maraqlarımızın əsas prioritetinə çevrilməlidir. Çünki sağlam, təhsilli, milli mənəvi dəyərlərə bağlı vətəndaşlarla yalnız dövlətlərin inkişafını və müdafiəsini təmin etmək olar”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “İctimai və dövlət maraqlarının müdafiəsi”

Zaira Akifqızı
Globalinfo.az