Çaxoyanın ilginc iddiası – “Sürpriz hadisələr baş verməsə…”

Ermənistanda sərhədin delimitasiyasına qarşı çıxan bir qrup etirazçının ölkədə çevriliş edib hakimiyyətə gəlmək, Azərbaycanla sülh prosesinə mane olmaq istədiyi iddia edilir.

Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan isə deyib ki, etirazçıların məqsədi hakimiyyətə gəlib yeni müharibə başlatmaq və məğlub olub Rusiya hərbçilərini Ermənistana dəvət etməkdir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ermənistanda baş verən aksiyaların iki əsas məqsədi var:

“1. Bu aksiyalar vasitəsilə Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşməsi prosesini mümkün qədər əngəlləmək;

2. Həmin prosesdən istifadə edərək Nikol Paşinyan hakimiyyətinə təzyiq etmək və mümkün olarsa, onu devirərək keçmiş Qarabağ klanını hakimiyyətə gətirmək.

Hazırda prosesdə əsas rol alan keşiş bir müddət əvvəl Eçmiədzində erməni katolikosu, ardınca isə İrəvanda keçmiş prezident, Qarabağ canisi Robert Köçəryanla görüşüb. Bir çox məsələlər müzakirə edilib. Köçəryanın təlimatı ilə aksiyaların bölgədən mərkəzə – İrəvana daşınması təklifini qəbul edib”.

Politoloqun fikrincə, aksiyaların həcmi Nikol Paşinyan hakimiyyətinə ciddi təzyiq yaratmayacaq:

“Nikol Paşinyanın müəyyən qədər arxayın hərəkət etməsinin səbəblərindən biri də budur. Hansısa sürpriz hadisələr baş verərsə, fərqli durum yaranacaq. İrəvanda hakimiyyət dəyişikliyi olsa, revanşist qruplar hakimiyyətə gəlsə, bu, sülh prosesinə zərbə olacaq, yeni gərginliklərə yol açacaq”.

Siyasi şərhçi Asif Nərimanlı isə deyib ki, Ermənistan müxalifətinin məqsədi Rusiyayönümlü şəxsin hakimiyyətə gəlməsidir:

“Məsələyə əvvəlcə Ermənistanın daxili siyasi kontekstindən baxılmalıdır. Ermənistan-Azərbaycan sərhədində problem yaşansa, delimitasiya məsələsi həll edilməzsə, bu, üçüncü tərəfin prosesə daxil olmasını şərtləndirə bilər. Həmin tərəfin də Rusiya olması ehtimalı çoxdur. Çünki delimitasiya və demarkasiya prosesi ilə bağlı hələ də xəritələr məsələsi gündəmdədir. Həmin xəritələr Rusiya Ordusunun Baş Qərargahındadır”.

Safura Bənnayeva
Globalinfo.az