Aparıcının müğənniyə verdiyi sual narazılığa səbəb oldu

ATV telekanalında yayımlanan “Rəngarəng” verilişinin aparıcısı Zaur Nəbioğlunun müğənni Nəfəsə (Günel Məmmədova) verdiyi sual ictimaiyyətdə narazılığa səbəb olub. Belə ki, aparıcı xanım müğənniyə sevgilisindən ayrılması ilə bağlı suallar verib və cavab almaq üçün israr edib. 

Son zamanlar efirlərlə bağlı artan narazılıqlar aradan necə qaldırılmalıdır? Ümumiyyətlə, efirdə hər şeyin çılpaqlığı ilə müzakirə olunması nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan media mütəxəssisi, professor Qulu Məhərrəmli deyib ki, belə hallar bizim televiziyalar üçün artıq xarakterik bir əlamətə çevrilib.

Q.Məhərrəmlinin qeyd edib ki, kiminsə şəxsi həyatı efirlərə daşınmamalıdır:

“Tanınmayan, toyda 1-2 mahnı ifa edib efirə çıxan adamların tamaşaçı üçün nə marağı ola bilər? O müğənninin nə oxumağı, nə də etik davranışı bir şey olur. Elə müğənniyə sual da verirlər ki, “neçə dəfə ailə qurmusunuz?”, “nə, necə oldu?”. Ümumiyyətlə, bunların tamaşaçıya nə aidiyyəti var axı?! Aparıcını cəzalandırmadan öncə, o cür verilişlərin prodüsser və redaktorlarına qonaqlara mənasız suallar verilməməsini öyrətmək lazımdır”.

Mütəxəssis bəzi müğənnilərin danışığında ciddi problemlərin olduğunu bildirib:

“Biz səhər proqramında çalışan zaman orada müəyyən qrup müğənnilərin danışmasına ehtiyac görmürdük, gəlib mahnı ifa edib gedirdilər. Başqa tanınmış müğənni dəvət edib portret müsahibə edərkən isə hər cür suallar verə bilərsən. Amma bir əyləncə proqramında müğənninin şəxsi həyatı ilə bağlı sual verə bilməzsən! Özü də, onların həyatı heç bir cəhətdən heç kim üçün nümunə deyil. Belə olan halda artıq verilişin də, aparıcının da nüfuzu aşağı düşür. Heç məqsəd də aydın olmur. Bu səbəbdən də peşəkar yanaşma lazımdır. Aparıcılarda müəyyən etik qaydalar toplusu olmalıdır ki, televiziya özü də buna əməl etsin”.

Zaira Akifqızı

Globalinfo.az