Fransa qərarını verdi: Azərbaycanla uzunmüddətli müharibə! – ŞOK SƏBƏBLƏR

Fransa ilə münasibətlər nə zaman normallaşa bilər? Yaranmış gərgin durum Qarabağa, ermənilərə görədir, yoxsa Fransa başqa hədəflərə oynayır? Sadəcə ermənipərəstlikdən silah kimi, təzyiq vasitəsi olaraq yararlanmağa çalışır?

İlk ağıla gələn budur ki, rəsmi Paris yaranan və getdikcə güclənən Türkiyə-Azərbaycan birliyini hədəf götürüb. İki türk cümhuriyyətinin artan birliyinə, genişlənən əlaqələrinə bu şəkildə təpki verir.

Fransa ilə Türkiyənin rəqabəti, daha doğrusu, fransızların türklərə qarşı qərəzli və kinli mövqeyi əsrlərə dayanır. Burda Aralıq dənizində maraqların toqquşması amili də var. Türkiyə də bir Aralıq dənizi ölkəsidir. Burda mövqeləri çox güclüdür. Fransa isə bu dənizi özünün şəxsi gölü hesab edib tarixən.

Bundan başqa, Türkiyə son illər Parisin iki tarixi müttəfiqinin (İran və Ermənistan) təmsil olunduğu bölgəyə girib və burda çox üstün mövqe tutur. Türkiyənin Güney Qafqazda özünü belə komfortda hiss etməsi Fransanın maraqlarına cavab vermir. Yelisey sarayında yaxşı anlayırlar ki, Türkiyə Cənubi Qafqaz üzərindən daha böyük və strateji coğrafiyalara açılacaq. Hansı ki o coğrafiyalarda Türkiyənin olması Fransa üçün arzuolunan sayılmır. Ona görə də bu məsələdə əsas rol oynayan Azərbaycanı bağışlaya bilmir. Öz aləmində bizə cəza kəsir.

Türkiyə paraleldə Mərkəzi Asiyada da ciddi mövqelərə sahiblənib. Türkiyə Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya, ordan isə Cənub-Şərqi Asiyaya (Pasifik bölgəyə) çıxış əldə edir. Tarixdə Türkiyə üçün Mərkəzi Asiyaya çıxış bu qədər asan olmamışdı. İran heç vaxt buna imkan verməmişdi.

Mərkəzi Asiya Fransa üçün vazkeçilməz bölgədir. Fransa prezidenti Emmanuel Makron 2023-cü il noyabr ayının əvvəlində Mərkəzi Asiya ölkələri Qazaxıstana və Özbəkistana səfər etmişdi. O, hər iki ölkənin prezidentləri ilə görüşmüşdü. Həmin vaxt beynəlxalq mediada Maktonun səfəri çox ciddi müzakirə olunmuşdu. Qərb analitikləri Makronu uzaq Asiyaya getməyə məcbur edən səbəbləri sıralayaraq, məsələnin mahiyyətinə aydınlıq gətirmişdilər.

Noyabr, 2023. Makronun Qazaxıstan səfəri

BBC müxbiri İdo Vok onun səfərinə nəzər salaraq yazmışdı ki, səfər regionun Avropa üçün artan əhəmiyyətini göstərir – hədəfdə nüvə yanacağı və faydalı qazıntılar var. BBC müxbiri qeyd etmişdi ki, səfər, qismən də Qazaxıstan və Özbəkistanla biznes əlaqələrini gücləndirmək cəhdidir. Lakin müxbir Makronun bu səfərini başa düşmək üçün bir qədər əvvələ – iyul ayına baxmağın lazım olduğunu yazmışdı.

Həmin ay Nigerdə hərbi çevriliş baş vermişdi. Bu ölkənin Fransa üçün əhəmiyyəti nüvə sənayesi üçün lazım olan maddə ilə bağlıdır. İnqilab nəticəsində təchizatın təminatı riskə girib. Amma Niger ötən il Fransanın uran tədarükçüləri arasında ikinci olub. Birinci yerdə Orta Asiya ölkəsi Qazaxıstandır. Bu səbəbdən də Makron noyabrın əvvəlində iki gününü dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstanda keçirib. Ordan isə Özbəkistana səfər etmişdi.

Makronun Özbəkistan səfəri. Noyabr, 2023-cü il

Nəzərə alsaq ki, Ukrayna müharibəsindən sonra Rusiyanın Avropa İttifaqına neft ixracı kəskin şəkildə azaldığı üçün Qazaxıstan hazırda Norveç və ABŞ-dan sonra Avropa İttifaqının (Aİ) üçüncü ən böyük neft təminatçısıdır. Lakin elektrik enerjisinin 60 faizdən çoxunu nüvə enerjisi ilə istehsal edən Fransanın marağının əsasında Mərkəzi Asiya uranı durur.

Makronu Aİ-dən öncə öz ölkəsinin maraqları qayğılandırır. Ona görə də Mərkəzi Asiyaya indidən sağlam təməllər atmağa çalışır. Türkiyə və Azərbaycanın bu bölgədə getdikcə güclənməsi, Türk Dövlətləri Təşkilatı yaratmaları Makronun timsalında Fransanı dəli edib. Onun gələcək planlarına mane olur.

Fransanın Orta Asiya bazarında bir güclü rəqibi də Rusiyadır. Paris üçün rəngləri tündləşdirən bir amili də qeyd edək: Rusiya Türkiyə və Azərbaycanla müttəfiqdir. Asiya bazarlarına çıxışda birgə hərəkət edirlər. Bu barədə ötən yazımda bildirmişdim ki, Putin Ərdoğan və Əliyevin Mərkəzi Asiya ölkələri ilə yaxınlaşmasına ona görə təmkinlə yanaşır ki, prosesdə özü də var – de fakto olmasa da, projedə yer alır. Bütün bu dev layihələr Azərbaycan üzərindən gerçəkləşdirilir. Açar ölkə bizik.

Bəziləri deyir, Makron iqtidardan getdikdə Bakı ilə Paris arasında siyasi-diplomatik sahədəki böhran aradan qalxacaq. İnandırıcı görünmür. Bu, Makrona, Sarkoziyə, bir başqa siyasətçiyə bağlı məsələ deyil. Fransanın maraqlarına bağlı məsələdir. Ola bilsin keçmişdə hansısa Fransa prezidenti Bakı ilə münasibətlərdə başqa taktika sərgiləyib. Məsələn, Sarkozi. Gələcəkdə Makrondan daha mötədil dövlət başçısı ola bilər. Amma əsla Fransanın mövqeyi nə Azərbaycana dəyişəcək, nə Türkiyəyə.

Azərbaycanın müstəqilliyi dövründə Fransa ilə münasibətlər heç vaxt hamar olmayıb. Ölkəmizdə uzun illərdir dillər əzbəri olan “Jak Şirak qudurub” ifadəsinin tarixçəsini yaxşı bilirik. MM-in iclasında mərhum deputat Şamil Qurbanov Fransa prezidentinin Azərbaycana qarşı ədalətsiz mövqeyinə özünəməxsus formada təpki vermişdi.

2000-ci illərin əvvəllərində Fransanın Türkiyə və Azərbaycanla bağlı ədalətsiz mövqeyinə görə səfirlik qarşısında keçirilən etiraz aksiyası zamanı diplomatik nümayəndəliyə xoruz buraxılmışdı. Bununla da Bakıdan Fransaya fərqli cavab verilmişdi. Yeri gəlmişkən, xoruz fransızların totemidir. Bizim aksiyaçılar isə xoruza tamam başqa anlam yükləyərək səfirliyin binasına atmışdılar.

Bizi Fransa ilə daha böyük siyasi-diplomatik savaşlar gözləyir. Ermənistan isə bu məsələdə Parisin uzun müddət istifadəsində qalmağa məhkum olacaq. Qarabağ məsələsi həll edilmədikcə, Türk dünyası birləşə bilmirdi. Bu fakt ortadan qalxıb deyə, tamam başqa gerçəklər yaranıb. Fransa bu problemi anlaşaraq yox, savaşaraq çözməyə qərar verib. Ağılsızlığına baxın ki, bizimlə öz evimizdə – türk ariyalında müharibə etməyə qərar verib.

Azər Ayxan
Globalinfo.az