Azərbaycan iki nəhəng dövləti özündə belə birləşdirir: böyük oyunun çoxbaşlı gedişləri – TƏHLİL

Çinlə münasibətlər Azərbaycanı Asiya-Pasifik bölgəsinə daşıya, o bazarda önəmli aktora çevirə bilərmi? Zatən, proseslərin istiqaməti o coğrafiyanı göstərir.

Türkiyə və Azərbaycanın son 3 ildə birgə fəaliyyəti, Mərkəzi Asiya ölkələrini Türk Dövlətləri Təşkilatı formatında birləşdirməsi, onları Ankara və Bakıya bağlaması bu projenin Qarabağdan sonrakı mərhələsi sayılır. Zəngəzur dəhlizi də daxil olmaqla, nəhəng bir prosesin getdiyini görməmək mümkün deyil. Azərbaycan burda coğrafi, siyasi, regional, hətta qlobal planda açar ölkə statusundadır.

Artıq İran da məlum projedə yer almaqdadır. Tehranla Bakı arasında avtomobil və dəmir yolu dəhlizi istiqamətində ciddi razılaşmaların olduğunu görürük. Siyasi istiqamətdə də iki ölkə arasında intensiv danışıqların getdiyi bilinir. Münasibətlərin düzəlməsinə Tehran daha maraqlıdır. Bu gün məlumat yayıldı ki, Azərbaycan Respublikasının İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb. 2023-cü ilin yanvar ayının 27-də Tehrandakı səfirliyimizdə baş verən terrordan sonra iki ölkə arasında siyasi-diplomatik münasibətlər tamamilə dayanmışdı.

Burda Rusiya amili gözardı edilə bilməz. Moskva ilə Türkiyənin, eləcə də Azərbaycanın münasibətləri tarix boyu bu qədər mehriban və yaxın olmayıb.

Rusiya bu mərhələdə Azərbaycana, Türkiyəyə möhtacdır. Putin ağıllı və uzaqgörən siyasətçidir. Ölkəsinin geopolitik yönünü dəyişdirir. Avropa ilə məlum münasibətlər onu Şərqə itələyir. Rusiyanın Avropaya inteqrasiya xətti fiasko oldu.

Ukrayna bəhanədir. Moskvanın Qərblə konfliktinin kökü çoxdan qoyulub. Ukraynaya hücum o sürəcin bir mərhələsidir. Hələ qarşıda çox fəlakət ola bilər.

Bəzi iddialara görə, Qərb Ukraynanı Vladimir Putinin qarşısına yem olaraq atdı ki, Şərqi Avropa ölkələrinə toxuna bilməsin. Ekspertlər müharibənin uzanmasının əsas səbəbi kimi bunu göstərirlər. Analitiklər açıq deyilər ki, Rusiya və Qərb Ukraynada anlaşsalar, ya da savaş Rusiyanın üstünlüyü ilə bitsə, Polşa hədəf taxtasına çevriləcək. Bunun NATO-ABŞ tandemi üçün nə demək olduğunu siyasətdən elementar səviyyədə anlayışı olanlar belə yaxşı bilir. Yoxsa Ukrayna niyə yerlə bir edilir?! Müharibə nədən inanılmayacaq dərəcədə bu qədər uzadılır?!

Putinin Qarabağ məsələsində neytral mövqe tutması öncə ona lazım idi. Dövlətlərin maraqları onları bəzən heyrətamiz manevrlərə məcbur qoyur. Rusiyanın Azərbaycanın öz tarixi ərazilərini işğaldan azad etməsinə mane olmamasının arxasında maraqlar dayanır. Qarşıda böyük hədəf var. Qarabağ məsələsi həll edilmədən Asiya-Pasifik bölgəsinə – demək, həm də Şərqə çıxış imkanı olmayacaq. Türkiyə və Azərbaycanın Mərkəzi Asiyada son illər fəallaşması da Rusiya prezidentini qıcıqlandırmır. Buna loyal yanaşır. O, de-fakto olmasa da, bu layihənin içində yer alıb.

Putin Ermənistanla da münasibətləri pozmur. Paşinyanın şıltaqlıqlarına dözümlü yanaşır. Onunla konfrontasiyaya getməkdən yayınır. Yoxsa bir gecədə Ermənistanı ovcunun içinə alardı. Zatən, ermənilərin bu saxta və sintetik dövləti Kremlin bir şöbəsi statusundadır. Qazı, dəmir yolu sistemi, sərhədlərinin müdafiəsi, iqtisadiyyatı və s. Rusiyanın nəzarətindədir. Kremlin sahibi qarşısına isti okeanlara, dənizlərə çıxış hədəfi qoymuşkən, cırtdan Ermənistanlamı uğraşacaq? Əsla!

Hər kəs yeni dünyaya çıxış üçün Azərbaycanla münasibətləri yaxşı saxlamağa çalışır. Ölkəmizi bölən, parçalayan İran və Rusiya bu gün Vətənimizin quzeyinin tam bütövləşməsini əlacsız şəkildə seyr edirlər. Çin bu məsələdə çox ciddi söz sahibidir. Prezident İlham Əliyevin ən dahi gedişlərindən biri də zamanında Pekinlə əlaqələr üçün sağlam təməllər atması oldu. Bu gün onun bəhrəsini görməkdəyik. Açığı, Çin üçün də Azərbaycanın önəmi inanılmaz dərəcədə çoxdur.

Son 30 ildə Azərbaycanın münasibətləri ideal qurduğu nəhəng ölkələr sırasında Böyük Britaniya da var. Xəzər sularında sərbəst üzən BP platformalarının sahibləri Azərbaycanın geopolitik anlamını, dünyadakı və regiondakı iqtisadi əhəmiyyətini hamıdan tez anlamışdılar. İngilislər ona görə dünyaya hökmranlıq edə bilirlər.

Prezident İlham Əliyev bu qədər nəhəng və aralarında bir çox məsələlərdə ziddiyyət olan gücləri kiçik Azərbaycanda necə bir araya gətirir, görürük. Yaxın illərdə bu azman siyasətin iqtisadi və siyasi bəhrəsini hamımız öz həyatımızda hiss edə biləcəyik…

Cənubi Qafqaz yeni dünya düzəninin əsas keçid məntəqəsinə dönüb. İndi burda sülhün olması Çindən Britaniyaya qədər xeyli dövlətin marağındadır.

İlham Əliyev Qərblə, onun aparıcı institutları ilə münasibətləri normal tutmaqla bu proseslərdə iştirak edir. Vacib və örnək detaldır…

Azər Ayxan
Globalinfo.az