Ağ Evdən Azərbaycana İran xəbərdarlığı – Rusiya işin içində

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, Rusiya və İran arasında hərbi əməkdaşlığın artması həm Ukrayna, həm də İranın qonşuları üçün təhlükə yaradır. Con Kirbinin bu sözləri müzakirələrə səbəb olub. Belə ki, onun qonşu ölkələr deyəndə kimi nəzərdə tutduğu da müəmmalı qalıb.

Maraqlıdır, burada söhbət Azərbaycandan da gedə bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Qabil Hüseynli deyib ki, İran ona qonşu olan bütün ölkələr üçün potensial təhdiddir:

“Rəsmi Tehran ilə qonşu olan ölkələrə diqqətlə baxdıqda görmək olar ki, əksəriyyətinin onunla münasibətləri pisdir. İstisna kimi Ermənistanı qeyd etmək olar ki, İran bu ölkə ilə olduqca yaxındır. Hətta müəyyən mənada strateji tərəfdaşdır.

İranın regionda apardığı imperialist, məzhəbçi, radikal siyasətdən ən çox bu ölkə ilə sərhədi olan müsəlman ölkələri əziyyət çəkir. Özünü islam ölkəsi adlandıran bu ölkənin sərgilədiyi destruktiv mövqe onu deməyə əsas verir ki, İranın islam dini ilə yaxından-uzaqdan əlaqəsi yoxdur.

Azərbaycan da İranla qonşu olan ölkələrdəndir. Yəni İranın digər qonşuları kimi biz də vaxtaşırı rəsmi Tehranın destruktiv məzhəbçi siyasəti ilə üz-üzə qalırıq. Azərbaycanda islam dinin şiə məzhəbinə etiqad edən insanların olmasına baxmayaraq İran bu motivdə siyasətindən əl çəkmir.

Hesab edirəm, İran bizim üçün də real təhlükədir və bu təhlükə hər zaman aktuallığını qoruyacaq. Hətta iki ölkə arasında münasibətlər normallaşsa belə, dəyişən bir şey olmayacaq”.

Politoloqun sözlərinə görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin son açıqlamalarının həqiqət payı var:

“Kirbinin də dediyi kimi, Rusiya və İran arasında hərbi əməkdaşlığın artması həm Ukrayna, həm də İranın qonşuları üçün təhlükə yaradır. Rusiya-Ukrayna müharibəsinin birinci ilində biz Rusiyanın irəlilədiyinin şahidi olsaq da Ukrayna ordusu PUA-lar vasitəsilə aviasiya üstünlüyünə malik idi. Lakin Rusiya-İran əməkdaşlığı fonunda rəsmi Moskva Tehrandan PUA-lar aldı və bu üstünlüyü balanslaşdıra bildi. Bundan başqa İran istehsalı raketlər və bir sıra digər silahlar da Rusiyaya satılır.

Qabil Hüseynli

O ki qaldı bu əməkdaşın İranın qonşularına yaratdığı təhdidə, hesab edirəm, burada söhbət Ermənistan və Azərbaycandan gedir. İran hər nə qədər Ermənistanla strateji tərəfdaş olsa da, Bakı və İrəvanın sülh müqaviləsi imzalamasını istəmir. Çünki regionda müharibənin bitməsi İranı Qərbin potensial hədəfinə gətirəcəyindən ehtiyat edir.

Rusiya da həmçinin sülhün əldə edilməsində maraqlı deyil. Cənubi Qafqazda sülhün əldə edilməsi Rusiyanın bu regiona təzyiq rıçaqlarını itirməsi ilə yekunlaşa bilər”.

Turan Rzayev
Globalinfo.az