Fransanın “Abşeron”da qaz vurub, qazan dolduran şirkəti nə olacaq? – “Total”la bağlı kritik vəziyyət

 

Bakı Fransız Liseyi Təhsil Kompleksi fəaliyyətini dayandırır. Mövcud Fransa-Azərbaycan münasibətləri kontekstində bu addım diqqət çəkir. Bəzi ekspertlər hesab edir ki, qərar siyasidir və iki ölkə arasında gərginliklə bağlıdır.

Azərbaycanla Fransa arasında iqtisadi əlaqələr var və o əlaqələr bu gün də davam edir. Parislə Bakı arasında siyasi-diplomatik münasibətlər nə qədər böhran yaşasa da iqtisadi əlaqələrə mənfi təsir etmir.

Fransanın “TotalEnergies” şirkəti Azərbaycanda fəaliyyət göstərir. Ötən ilin yayında Xəzərdəki “Abşeron” qaz-kondensat yatağında 12 il sonra ilk təbii qazın hasilatına başlanıb. Diqqətçəkən məqam isə budur ki, yataqdan qazın hasilatı Fransaya məxsus “TotalEnergies” şirkətinə verilib. Rəsmi Paris ilə Bakının münasibətlərinin soyuq olduğu bir zamanda belə bir qərar xeyli suallar yaratmışdı, müzakirələrə səbəb olmuşdu. Həmin vaxt Globalinfo.az-da bu mövzuda məqalə dərc edilmişdi.

Fransız Liseyinin fəaliyyətini dayandırmasından sonra oxlar yenidən iki ölkə arasında iqtisadi əlaqələrə yönəldib. Əsas suallardan biri isə budur ki, Xəzərdə böyük layihədə iştirak edən “TotalEnergies” şirkəti Bakını tərk edəcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politloq Qabil Hüseynli deyib ki, Bakı Fransız Liseyinin fəaliyyətini dayandırması siyasi məsələdir:

Qabil Hüseynli

“Məlum olduğu kimi, Fransa-Azərbaycan münasibətləri son zamanlar birincinin sərgilədiyi destruktiv mövqe səbəbi ilə gərgindir. Qarşılıqlı siyasi diplomatik gərginlik davam edir. Belə bir zamanda Bakı Fransız Liseyinin fəaliyyətini dayandırması təsadüfi deyil.

Onu deyim ki, bu qərar rəsmi Bakının qərarı deyil. Lisey özü fəaliyyətini dayandırır. Bunu da şagird sayının fəaliyyət planında nəzərdə tutulan saydan əsaslı şəkildə aşağı olması, saxlanma xərcləri ilə bağlı çətinliklər və s. səbəblər ilə əlaqələndirir. Reallıq isə ondan ibarətdir ki, Paris bununla Bakıya öz tərzinə uyğun mesaj verir.

Bakı Fransız Liseyi

Prinsip etibarilə bu addım Bakını o qədər də narahat etmir. Bu liseyin timsalında Azərbaycan xalqı Fransaya qarşı güvənsizlik nümayiş etdirirdi. Yəni qərarın onlar tərəfindən verilməsi bizim üçün daha yaxşı oldu. Qaldı ki “TotalEnergies” şirkətinə, bu məsələ bir qədər fərqlidir. Şirkət rəsmiləri dəfələrlə bildirib ki, onlar özəl şirkətdirlər və siyasi məsələlərə qarışmırlar. Yəni indiki məqamda “TotalEnergies” şirkətinin fəaliyyətini dayandırmasına dair nəsə demək üçün çox tezdir”.

Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban isə deyib ki, Bakı Fransız Liseyi fəaliyyətini dayandırması ilə “TotalEnergies” şirkəti arasında analogiya aparmaq doğru deyil:

İlham Şabanov necə İlham Şaban oldu...

İlham Şaban

“Bu, tamam fərqli məsələdir. Belə ki, 2014-cü ildə Bakı Fransız Liseyi açılanda hökumətlər səviyyəsində dəstək almışdı. Yəni lisey humanitar səviyyəli bir qurum kimi qiymətləndirilirdi.

İndiki məqamda liseyin fəaliyyətini dayandırması Azərbaycan ilə bağlı məsələ deyil. Bu qərarı Fransa tərəfi verib. “TotalEnergies” şirkəti ilə bağlı isə məsələ bir qədər fərqlidir.

2020-ci ildən etibarən pisləşən Fransa-Azərbaycan münasibətləri hər zaman bu şirkətin fəaliyyəti ilə bağlı sualları aktuallaşdırb. Lakin şirkətin vitse-prezidenti ölkəmizə səfər edərkən bildirib ki, “TotalEnergies” özəl şirkətdir və siyasi proseslərə qarışmırlar. Yəni şirkətin fəaliyyətini dayandırması hələ ki müzakirə mövzusu deyil”.

Turan Rzayev
Globalinfo.az