“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik” – Qüdrət Həsənquliyev

“Ədalətli, mülki, demokratik cəmiyyət, hüquq dövləti qurmaq üçün addım-addım irəli getməliyik”.

Globalinfo.az Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Elchi.az-a müsahibəsini təqdim edir:

– Qüdrət bəy, Prezidentin Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ola bilməsi ehtimalını istisna etməməsi bəlli dairələrin kəskin tənqidinə səbəb olub. Sizin bu məsələyə münasibətiniz necədir?

– Mən hesab edirəm ki, Azərbaycanın yaxın gələcəkdə Aİİ-yə üzv olması milli maraqlarımıza cavab verərdi. Əlbəttə, daha yaxşı olardı ki, Türkiyə və İran da bu İttifaqa qoşulsun və kimlərsə bunu Rusiyanın SSRİ-ni bərpa etməsi kimi qələmə verə bilməsin. Yavaş-yavaş Avrasiya İttifaqını Avropa İttifaqı modelində formalaşdıra bilərik. Vahid viza rejimi, vahid gömrük sərhədləri, vahid valyuta, vahid birgə bazar və s. olsun. Avropa İttifaqı ilə Çin arasında güclü yeni Avrasiya ittifaqının yaranması sülhə və təhlükəsizliyə ciddi töhfə verər, regionda sağlam rəqabətə yol açmış olardı. Biz bu İttifaqa qoşulmaqla ölkəmizdə azad bazar iqtisadiyyatının institusional bazasını daha tez və asan yarada bilərik. Hazırda xalqımızın inkişaf səviyyəsi və mövcud reallıqlar təkbaşına bunu etməyə imkan vermir. Özümüzə tənqidi yanaşmağı bacarmalı, həqiqətləri söyləməkdən qorxmamalıyıq. Özümüzə güvənməli, başqa xalqların təsiri altına düşəcəyimizdən çəkinməməliyik. Tam suverenlik və müstəqillik hayqırtıları, şüarları bizi bir çox sahələrdə deqradasiyaya və özünəqapanmağa gətirəcək, inkişaf etməkdə olan xalq kimi əldə etdiklərimizin çoxunu itirəcəyik. Dünyada müqayisədə ən müstəqil və suveren ölkə Şimali Koreyadır. Biz şərqli mentalitetinə sahib olsaq da, zamanla mənfi təsirlərlə yanaşı, Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik, dünyəvi dövlət qurmuşuq, ölkəmizdə elm, təhsil, səhiyyə, mədəniyyət müəyyən səviyyəyə qədər inkişaf edib. İnkişaf etmiş xalqlarla birlikdə olmaq bizi özünütəcriddən qoruyar, iqtisadi sferada ölkəmizi rəqabətədavamlı edər.

– O halda daha doğru olmazmı ki, elə birbaşa Avropa İttifaqına qoşulaq,bu istiqamətdə səy göstərək?

Arzular başqadır, reallıqlar başqa. Qərbə inteqrasiya olunmaq üçün böyük bir inkişaf yolu keçməliyik. Həm də, orda kimsə bir müsəlman ölkəsini xristian klubuna qəbul etməyə hazırlaşmır. Türkiyə gözümüzün önündədir. Bizimlə müqayisədə inkişaf etmiş, amma mentalitet baxımdan bizə daha yaxın qonşu ölkələrlə daha sıx inteqrasiya olunmaq imkanları var və bu imkanı qaçırmamalıyıq. Dövlətlərarası müqavilələrlə qorunan biznes, yaradılacaq birgə müəssiələr daha sürətlə inkişaf edəcək. İnhisarçılığa və proteksionizmə zərbə vurulacaq, rəqbət mühiti yaranacaq. Avrasiya İqtisadi İttifaqına üzvülük Avropa təsisatları ilə əməkdaşlığı istisna etmir. Bacardığımız səviyyədə Avropa institutları ilə də əməkdaşlıq etməliyik. Ədalətli, mülki, demokratik cəmiyyət, hüquq dövləti qurmaq üçün addım-addım irəli getməliyik. Bu, təkamül yoludur.

Türkiyə ilə yanaşı İranın da bu İttifaqa üzvülüyünə nail olmaqla biz İrandakı soydaşlarımızla, digər türk xalqları ilə vahid məkanda bütövləşə bilərik. Bu, xalqımızın ən böyük arzularından biridir. Bunu da heç vaxt yaddan çıxarmamalıyıq.