Rus ordusu dağıdıcı hücuma başladı – Kremlin ilk hədəfi

ABŞ-ın Ukraynaya hərbi yardımlar ayırmağa razılıq verdiyi günlərdə Rusiya ordusu intensiv hücuma keçib. Ukrayna müdafiə naziri Rüstəm Umerov deyib ki, rus ordusu 1.5 tonluq bombalardan istifadə etməklə qarşısına çıxan bütün maneələri məhv edib, sürətlə irəliləyir.

Bu proses müharibənin sona çatması deməkdirmi? Rusiyanın cəbhədə üstünlük qazanması nə ilə bağlıdır?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Rusiya Ukrayna müharibəsində əldə etdiyi psixoloji üstünlüyü hərbi sahəyə də keçirmək istəyir:

“Kreml düşünür ki, Qərb Ukraynaya dəstəyi artırsa, yeni hərbçilər, silah-sursat və hərbi texnika daşınacaq. Bununla da Rusiya müharibəni uduzacaq. Lakin o, Qərbə Ukraynanın müharibədə qalib gəlmək şansının olmadığını göstərməyə çalışır”.

Politoloqun fikrincə, bəzi analitiklər Ukraynanın münaqişəni davam etdirə bilməyəcəyini düşünür:

“Son məqamda Ukraynaya dəstəklərin verilməsi, Rusiyanın yanacaqdoldurma məntəqələrinin partladılması və s. sanki Kiyevə üstünlük verdi. Ukrayna bununla həm diversiyada üstün olduğunu, həm də Rusiyaya hücum edəcəyini göstərmiş oldu. Yeni yardımın alınması Kiyevin müharibədə aktiv şəkildə iştirakını şərtləndirir”.

Turab Rzayev düşünür ki, Rusiya Ukraynanın psixoloji və fiziki üstünlüyü ələ keçirməməsi üçün arsenalındakı ən ağır silahlardan istifadə edir.

Safura Bənnayeva
Globalinfo.az