İrəvan və Bakını uzlaşdıra biləcək yeni müstəvi – “Astana platforması”

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri ilə bağlı müzakirələr davam edir. Tokayevin xüsusilə səfər çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə brifinqdə dediyi “Qazaxıstan mümkün qədər kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır. Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır” sözləri diqqət çəkib.

Bəzi ekspertlər iddia edir ki, bu, faktiki olaraq Emrənistan-Azərbaycan münaqişəsinin həll edilməsi üçün “Astana platforması”nın qurulduğunun elanıdır.

Maraqlıdır, “Astana platforması” nədir, nə deyil? İndiki şərtlərdə reallaşması mümkün görünürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri müəyyən məqamlar baxımdan önəm daşıyır:

“Əvvəla, bir müddət öncə Tokayevin Bakıya səfərinin ardınca İrəvana səfər etməsi bu ziyarətlərin siyasi baxımdan ardıcıl xarakter daşıdığını göstərir. Mümkündür ki, Tokayev Bakıda Əliyevlə müzakirə zamanı əldə etdiyi mesajları Paşinyana çatdırmağı da hədəfləyib.

15 aprel 2024-cü il. Kasım-Jomart Tokayev Ermənistana səfər edib

Əlbəttə ki, hər iki ölkənin Sovet İmperiyası dönəmindən normal əməkdaşlıq münasibətləri var. Hər iki ölkə Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi İttifaqı, KTMT kimi təşkilatlara üzv ölkələrdir. Hər iki dövlət həm eyni dövlətin təsiri altında olub, həm də eyni dövlətin təsir dairəsindən çıxmaq üçün mübarizə yolundadır. Digər tərəfdən, sülh danışıqlarında vasitəçilik uğrunda mübarizə aparan bütün güclərdən fərqli olaraq, Qazaxıstan hər iki tərəflə normal münasibətlərə sahibdir və tərəflərin hər ikisi bu ölkənin vasitəçiliyindən narahatlıq duymur”.

Ekspert deyib ki, Tokayevin İrəvana səfərində nəqliyyat kommunikasiyaları barədə əlaqələrin genişləndirilməsi, orta yolla bağlı perspektivlərinin müzakirə olunması sülh danışıqlarına töhfə verəcək addım kimi qiymətləndirilə bilər:

“Çünki bu minvalla Ermənistan konkret fakt qarşısında qoyulur. Belə böyük dividentlər qazandıracaq layihələrdə iştirakın yeganə yolu Bakının əlini sıxmaqdan keçir və Tokayev bunu dolayı yolla Paşinyana göstərmiş olur. Üstəlik, Qazaxıstanın vasitəçiliklə bağlı şəffaf bir keçmişi var. Suriya problemində məlum Astana formatı bölgə gücləri tərəfindən dəstəkləndi və proseslərə də müsbət yöndən təsirini göstərmiş oldu. Eyni təşəbbüs 1991-ci ildə Azərbaycan və Ermənistanla bağlı da özünü göstərmişdi.

Hazırki səfərdə strateji baxımdan önəmli mesajlar da var. Dolayı yolla göstərilir ki, türk dövlətləri Ermənistana qarşı düşmənçilik ritorikasına söykənmir. Türk Dövlətləri Təşkilatı da region ölkələri arasında əməkdaşlığın gücləndirilməsini təşviq edir, nəinki vahid düşmənə qarşı mübarizəni. Odur ki, bu səfərin pozitiv nəticələrini yaxın perspektivdə gözləməyə dəyər”.

Turan Rzayev
Globalinfo.az