Azərbaycanı Rusiyanın strateji müttəfiqinə çevirən geopolitik səbəblər – Bakı buna görə vazkeçilməzdir

Azərbaycan-Rusiya münasibətləri hazırda ən ciddi və yüksəliş dövrünü yaşayır. Rusiyanın Azərbaycana qarşı aqressiv, aşağılayıcı baxışı, yanaşması xüsusilə 2020-ci ildən sonra daha əsaslı şəkildə dəyişdi. Moskva Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi baxır. Heç bir üstün rəftar, yekəxana tövr müşahidə edilmir.

2022-ci ildə iki ölkə arasında imzalanmış strateji əməkdaşlığı dair sənəd isə münasibətləri daha da dayanıqlı etdi. Azərbaycan Prezidenti İlham Əliyevin son Moskva səfərində Putinin münasibəti də, dedikləri də bunu təsdiq edir.

Moskva ilə Bakını yaxınlaşdıran, strateji müttəfiqə çevirən hansı geopolitik şərtlər var?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Bakı və Moskvanı yaxınlaşdıran geopolitik vəziyyətin Cənubi Qafqazda yaratdığı siyasi şərtlərdir:

“Qərb Rusiyanı bölgədən çıxarmaq, onun mövqelərini ələ almaq istəyir. Tarixi yaddaşımız Rusiya təhlükəsinin bölgədən təmizlənməsini bizim maraqlarımıza uyğun olduğunu deyə bilər, lakin siyasi şərtlər fərqli reallıq yaradıb.

Azərbaycan üçün bölgədə iki tərəfdən – Qərb və Rusiyadan birinin çıxması yox, hər ikisinin qalması lazımdır. Çünki iki tərəfdən biri bölgədə olması, ya Qərb, yaxud Rusiya Cənubi Qafqazda tam təsirə malik olarsa, bu bizim maraqlarımıza uyğun gəlmir. 44 günlük müharibədən sonrakı dövrdə bunun şahidi olduq.

Azərbaycan Qarabağda erməni separatizminin ləğvi və suverenliyinin bərpası üçün Qərb platfomasından vasitə kimi istifadə etdi. Sərhəd və kommunikasiya məsələsində gündəliyimiz Rusiya ilə uyğun olsa da, Qarabağ məsələsində fərqli idi. Qərbdə isə Qarabağ üzərində suverenliyimizi tanıyırdılar, lakin kommunikasiya və sərhəd məsələsində fərqli mövqe hakimdir”.

Ekspert deyib ki, rəsmi Bakı Ermənistanı Qərb platformasında Qarabağ məsələsində razı salmaqla Rusiyanı fakt qarşısında qoydu və nəticədə Moskvanın neytrallığını əldə edərək, separatizmi ləğv etdi, suverenliyimiz bərpa olundu:

“İndi regionla bağlı gündəliyimiz Rusiya ilə böyük ölçüdə üst-üstə düşür. Bunun fonunda Rusiya bölgədən çıxarsa, burada güclənəcək Qərb erməni maraqlarını prioritet məsələyə çevirəcək, hətta ermənilərin onlara uyğun şərtlərlə yenidən Qarabağa yerləşdirilməsi məsələsini belə irəli sürə bilərlər. Bu baxımdan, Azərbaycan Rusiyanın bölgədə zəifləyən mövqelərinə dəstək verməklə buradakı geosiyasi balansı qoruyur, necə ki, Qarabağda separatizm qaldığı müddətdə Qərbin bölgədəki təsir imkanlarının artmasına, proseslərdə daha aktiv iştirakına şərait yaradırdı. Təbii ki, Rusiya ilə yaxın münasibətlər Qərblə “körpülərin yandırılması” demək deyil, əksinə, rəsmi Bakı hər iki cəbhə arasında tarazlığı saxlayan oyunçu rolunu oynayır.

Rusiyanın Azərbaycanla yaxınlaşması da bölgədəki şərtlərdən qaynaqlanır. Moskva anlayır ki, Ermənistanın apardığı siyasət bölgədə təsir imkanlarına risk yaradıb, güc balansının əleyhinə dəyişməməsi üçün Azərbaycanla işləməkdə maraqlıdır. Digər tərəfdən, Azərbaycanla münasibətləri Türkiyəyə görə də nəzərə alır, çünki Türkiyə ilə işləmək Rusiya üçün Qərb cəbhəsi qarşısında əlini gücləndirən amillərdəndir”.

Turan Rzayev
Globalinfo.az