Qərb-Rusiya qarşıdurması dərinləşdi – Moskva təklənir, Azərbaycanı nə gözləyir?

Ermənistanın Qərbə yaxınlaşması Rusiyanı ciddi şəkildə narahat edir. Bu prosesin qarşısını almaq üçün Moskva müxtəlif kombinasiyalar qurur.

Bəzi rəylərə görə, Qərbin Ermənistan vasitəsilə Rusiyanı bu bölgədə sıxışdırması strateji olaraq Azərbaycana sərf edir.

Deyilir ki, bu gün Bakı-Moskva münasibətləri nə qədər stabil olsa da, Rusiya Azərbaycana ən böyük təhdid ölkələr siyahısında öndə gəlir. O cümlədən İran da bu siyahıya aid edilir.

Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, Ermənistanın Qərblə yaxınlaşmasının Azərbaycan üçün faydalı olduğu barədə iddialar qrant müxalifətinin, eləcə də “Beşinci kolon”un daxildəki və xaricdəki təmsilçilərinin iddialarıdır. Hər zaman olduğu kimi vahid bir mənbədən ötürülən tezislər üzərindən irəli sürülür:

“Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu zaman kəsiyində Qərbin ölkəmizə göstərdiyi ədalətsiz münasibəti düşünürəm ki, kimsə unutmayıb. Torpaqlarımızın işğal altında olmasına, bir milyon azərbaycanlının köçkün və qaçqın düşməsinə, təbii resurslarımızın qanunsuz istismarına, dini, tarixi və mədəni abidələrimizin dağıdılmasına, şəhər və kəndlərimizin xarabalığa çevrilməsinə baxmayaraq, Azadlığı Müdafiə Aktına Azərbaycana yardımı qadağan edən 907-ci düzəlişi qəbul edən hansı ölkə idi? Qərbin ideya və güc mərkəzi ABŞ!

Azərbaycana qarşı təzyiqlər və hücumlar hansı qütbdən həyata keçirilirdi? Qərbdən! Azərbaycanı təslimçi sülhə hansı qütb məcbur etməyə çalışırdı? Yenə də Qərb! 44 günlük müharibədə və daha sonrakı zaman kəsiyində Azərbaycan əleyhinə qlobal təzyiq kampaniyası hansı qütbdən həyata keçirilirdi? Qərbdən. Azərbaycan əleyhinə qətnamə və bəyanatlar hansı ölkələrin və təsisatların parlamentlərində qəbul olunurdu? Qərb ölkələrinin və təsisatlarının! Azərbaycanın öz ərazilərin üzərində suveren hüquqlarının bərpa etməsinə, separatizmə son qoymasına kimlər mane olmağa çalışırdılar? Qərb siyasətçiləri!

Təsəvvür edin, əgər Ermənistan Rusiyanın forpostu olanda, Moskvanın təlimatlarını dinməz-söyləməz yerinə yetirəndə Qərb tərəfindən dəstəklənirdisə, Rusiyanın təsir dairəsindən çıxandan, tamamilə Qərbin forpostuna çevriləndən sonra necə olacaq? Hesab edirəm ki, bu sualın cavabı barədə qrant, yaxud fit müxalifətinin düşünmək niyyətləri yoxdur. Çünki onlar üçün sərfəli deyil”.

Politoloq deyib ki, İran rejimi sərhədlərinin yaxınlığında güclü, qalib, dünyəvi Azərbaycan dövləti görmək istəmir:

“Bölgədə Türkiyə və Azərbaycanın mövqelərinin güclənməməsinə çalışır, Türk Dövlətləri Təşkilatının hərbi-siyasi ittifaqa çevrilməsini özünə təhlükə görür. Baxmayaraq ki, İranda 40 milyona yaxın türk yaşayır və İran paniranizm xəstəliyinə düçar olanların idarəçiliyində olsa da klassik türk dövlətidir.

Rusiya da şübhəsiz ki, bölgəni öz təsir coğrafiyasının bir hissəsi hesab edir və bir çox hallarda bu yanaşma region ölkələrinin əleyhinə işləyir. Amma beynəlxalq münasibətlər sistemində “yaxşı dövlət”, “pis dövlət” deyilən bir anlayış yoxdur. Beynəlxalq hüququn norma və prinsipləri, elə Qərb dövlətlərinin özü tərəfindən kağız parçasına çevrildiyi üçün bu xüsusda da müzakirə açmağın bir anlamı yoxdur. Önəmli olan Azərbaycanın maraqlarıdır və Ermənistanın Qərbin plasdarmına çevrilməsi Azərbaycanın maraqlarına ziddir, yaxşı heç nə vəd etmir”.

Turan Rzayev
Globalinfo.az