Ermənistanla sülhdən sonra nələr baş verəcək?

Qazaxın 4 kəndinin hərbi müdaxilə olmadan Azərbaycana geri verilməsinin ardınca, rəsmi Bakı və İrəvan arasında sərhədlərin delimitasiya prosesi başladı. Növbəti mərhələdə isə tərəflərin sülh müqaviləsi imzalayacağı deyilir.

Sülh müqaviləsindən sonra Ermənistanla Azərbaycan arasında hansı proseduralar olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, həmin müqavilə iki dövlət arasında sülhün yaranması və fikir ayrılıqlarına son qoyulması üçün şərtləri və müxtəlif aspektləri özündə əks etdirməlidir:

“Bura sərhədlərin müəyyənləşdirilməsi, hərbi əsirlərin mübadiləsi, təzminatların ödənilməsi və başqa buna bənzər məsələlər daxil edilə bilər. Bundan başqa, düşünürəm ki, Azərbaycan tərəfi Ermənistandan öz ərazisində separatçı qüvvələrin fəaliyyətinə qadağa qoyulması, dərslik və elmi nəşrlər, xəritələr və sair sənədlərdə iki dövlət arasında münasibətlərin gərginləşməsinə səbəb ola biləcək məzmunların təmizlənməsi, cəmiyyətdə aqressiv ritorikanın qarşısının alınmasını da tələb edə bilər. Yəni sülh müqaviləsi təkcə hazırkı status-kvonu təsdiqləmir, həmçinin gələcək münasibətlərin də inkişafı üçün etibarlı zəmin yaratmalıdır.

Tərəflər arasında etibarın bərpası üçün qarşılıqlı missiyalar, inspeksiyalar, təhlükəsizlik sahəsində əməkdaşlıq və başqa məsələlər həll edilməlidir. Bunlar həll olunandan sonra tərəflər diplomatik münasibətlərin bərpası, iqtisadi, mədəni, ticari əlaqələrin yaradılması barədə düşünməlidirlər. Qeyd etdiklərim, sülh müqaviləsi bağlandıqdan sonra iki ölkə arasında münasibətlərin inkişafı istiqamətlərinin ümumi mənzərəsini əks etdirir. Lakin, sülh müqaviləsi bağlandıqdan sonra onun şərtlərinin əməl olunub-olunmadığına da nəzarət etmək lazım gələcək”.

Politoloqun fikrincə, sülh müqaviləsinə yaxın olmaq ilk növbədə tərəflərin bir çox prinsipial məsələlər barədə ortaq məxrəcə gələ bilməsinin göstəricisi ola bilər:

“Sülh müqaviləsinin bağlanması üçün Ermənistan öz Konstitusiyasına dəyişikliklər etməli, qonşu dövlətlərə qarşı ərazi iddialarını nəzərdə tutan müddəaları çıxarmalıdır. Bu, Azərbaycan tərəfinin rəsmi tələblərindən biridir”.

V.Əlibəyovun sözlərinə görə, aralıq sənədi tam sülh müqaviləsi bağlanana qədər tərəflər arasında müəyyən əməkdaşlıq və sülh şərtlərini nəzərdə tutan müvəqqəti saziş, hücum etməmə paktı və ya başqa müqavilə formasında ola bilər:

“Lakin bu aralıq sənədin gələcək sülh sazişinə zidd olmaması və tərəflər arasında yeni problem və mübahisələr yaratmaması vacibdir. O, müvəqqəti xarakter daşımalı və Ermənistanda referendum, konstitusiya düzəlişlərindən sonra baş verə biləcək mümkün dəyişiklikləri nəzərə almalıdır.

Bundan əlavə, tərəflər aralıq sənədə hər bir tərəfin siyasi-hüquqi vəziyyətindəki dəyişiklikləri nəzərə almaq üçün sazişin şərtlərinin mütəmadi olaraq yenilənməsi və yenidən işlənməsi mexanizmlərini daxil edə bilərlər.

Bu aralıq sənəd yaxın 1 ay ərzində imzalana bilər, amma sülh müqaviləsinin bağlanması Ermənistan konstitusiyasına düzəlişlər etdikdən sonra mümkün ola bilər”.

Safura Bənnayeva
Globalinfo.az