Partiya sədrindən SƏRT SÖZLƏR: “Bir-birini satan, söz aparıb-gətirənlər…”

Növbədənkənar prezident seçkilərindən sonra parlament seçkilərinin nə zaman keçiriləcəyi ictimaiyyətdə əsas müzakirə mövzusuna çevrilib. Seçkilərin vaxtı elan olunmasa da, artıq bir çox partiya parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.

Partiyaların seçkilərə necə hazırlaşdığı da sual doğuran məqamdır.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin bir çox partiyanın blok şəklində seçkilərdə iştirak etməsinin daha məqsədəuyğun olduğunu vurğulaması da diqqət çəkir:

“İnsanlar seçkilərə köklənib. Parlament seçkisi bu yaxınlarda olacaq, çox ümid edirik ki, parlamentdə yerlərimizi artıraq. Başqa partiyalarla danışıqlar aparacağıq ki, seçkilərə blok halında girək. Bununla bağlı təcrübələr var. Bu dəfə ən azı fraksiya yaratmağı hədəfləyirik”.

Digər partiya sədrləri bu haqda nə düşünür?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, bütün seçkilərdə olduğu kimi, indi də partiyanın maraqları önə çəkilir:

“Partiya adından parlament seçkilərində iştirak edəcəyik. Hər hansı yeni situasiya yaranarsa, bloklar məsələsinə də baxıla bilər. Partiyanın kifayət qədər namizəd irəli sürmək və prosesi uğurla başa çatdırmaq potensialı var. Hələ başqa bir düşüncə yoxdur. Partiya olaraq prosesi irəli apara bilsək, uğurlu nəticə əldə edəcəyik. Çünki bu partiyanın üzvləri arasında da canlanma müşahidə olunur. Bütün bunları nəzərə alaraq blok şəklində deyil, ayrıca iştiraka üstünlük veririk”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə vurğulayıb ki, partiyanın bütün seçkilərdə iştirak etmək qərarı var:

“Baş tutacaq parlament seçkilərində də iştirak edəcəyik. Partiya ümumi qərar verir, hətta dairələrin bir qismi də müəyyənləşdirilib. Bu iş tam başa çatdıqdan sonra nəzərdə tutduğumuz seçki sxeminə əsasən fəaliyyətimizi davam etdirəcəyik. Bloka gedəcəyimiz hər hansı partiyanın olduğunu düşünmürük. Ümid Partiyası seçkilərdə təkbaşına iştirak edəcək”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev məsələyə belə münasibət bildirib:

“Bildiyiniz kimi, parlamentdə olmayan Böyük Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərində iştirak etdi. Xeyli dərəcədə təbliğat, kampaniya aparmaq imkanımız oldu ki, bu da partiyanın işinə yaradı. Ona görə də parlament seçkilərində də iştirak etmək niyyətindəyik. Ölkə daxilində əhəmiyyətli seçkilər olacaq və partiyaların əsas vəzifəsi seçkilərdə iştirak etməkdir. İştirak etdiyim prezident seçkilərində siyasi sistemin tərkib hissəsi olan əksər partiyaların durumunun nə qədər acınacaqlı olduğunu müşahidə etdim.

Siyasi partiyaların blok şəklində seçkilərdə iştirak etmək hüququ var. Biz də dəfələrlə iştirak etmişik. Təəssüf ki, daim qeyri-səmimiliklə rastlaşmışıq. Bəzən blokdakı partiyalardan biri çıxır, özbaşınalıq edir. Azərbaycan reallığı budur, siyasi təşkilatlar arasında inam itib. Bir-birini satan, sözünü aparıb-gətirənlər də olub. Ona görə də yaxşı olardı ki, qarşılıqlı inam halında partiyalar blok, ya da müstəqil formada seçkilərə qoşulsunlar.

Böyük Azərbaycan Partiyası seçkilərdə təkbaşına iştirak edəcək”.

AĞ Partiya başqanı Tural Abbaslı isə qeyd edib ki, dairələr üzrə namizədlərin müəyyənləşməsi prosesi gedir:

“Partiya daxilində namizədliyi müəyyənləşmiş şəxslərin imzatoplama, müşahidə təşkiletmə istiqamətində fəaliyyətinə start verilib. Şüarlarla bağlı müzakirələr də gedir. Lakin hər hansı partiya ilə birlikdə blok şəklində seçkilərdə iştirak etməyi düşünmürük. Bununla bağlı heç müraciət edən də yoxdur. Bəzi partiyalara bir neçə dairədə güzəşt etdik. Yəqin ki, bunun da qarşılığında namizədlərimizdə güzəşt edərlər”.

Safura Bənnayeva
Globalinfo.az