Rusiya Qərbi Azərbaycanla bağlı düyməyə basdı – Zaxarovanın bəyanatının kodları

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, ötən əsr 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. M.Zaxarova Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası planını dəstəklədiklərini vurğulayıb.

Zaxarovanın ermənilərin Qarabağa qaytarılması və azərbaycanlıların Qərbi Azərbaycana qayıtması mövzusunda çıxışı nəyə hesablanıb?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan beynəlxaq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, ermənilərin Qarabağa qayıtması məsələsi 10 noyabr bəyanatında öhdəliklərə söykənən məsələdir:

“Rusiya hazırda bu məsələni dilə gətirərək perspektivdə ermənilərin Qarabağı könüllü tərk etməsinin təşəbbüskarı olmadığı düşüncəsini yaratmağa çalışır.

Bundan başqa, Rusiya bu gün ermənilərin Qarabağa qayıtması tezisini hərəkata çevirməyə çalışan qüvvələrə qarşı da belə bir açıqlama verir. Məlum olduğu kimi başda Fransa olmaqla bir çox ölkə bu məsələdə təşəbbüsü ələ almağa, ermənilərə dəstək verməyə çalışır. Rusiya məsələni gündəmə gətirərək bu tezisi Qərbin istifadəsinə vermək istəmir”.

Ekspert qeyd edib ki, Qərbi Azərbaycan məsələsi üçtərəfli razılaşmalarda var idi:

“Qərbi Azərbaycan məsələsi daha strateji yanaşma tələb edir. Bu onunla əlaqədar ki, Ermənistan əslində məsələyə “yaşıl işıq” yandırıb. Kommunikasiyaların açılmasında bu məsələdə İrəvan konkret öhdəlik götürüb. Rusiya da indi bu öhdəlikləri xatırladır.

Rusiya həm də istəyir ki, azərbaycanlıların Qərbi Azərbaycana qayıtmasını gündəmdə saxlasın. Bu yolla Ermənistana təzyiq etməyə çalışır. Moskva həm də Bakı ilə birlikdə məsələnin icrası üçün İrəvana daha güclü təzyiq göstərmək məqsədi güdür”.

Turan Rzayev
Globalinfo.az