Ankara tələb etdi, İrəvan geri çəkildi: Paşinyan tarixi prosesi necə başlatdı?

Artıq bir müddətdir Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması üçün “erməni soyqırımı” iddialarından geri addım atacağına dair məlumatlar yayılır. 

“Soqyırımı”nın ildönümündən öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrəvana ünvanlı çıxışı ciddi müzakirələrə səbəb oldu. Baş nazir Nikol Paşinyanın məsələ ilə bağlı son açıqlamaları isə İrəvanın artıq bu məsələdə həqiqətən geri addım atmasının başlanğıcı olaraq dəyərləndirilir.

Bəs Ermənistanın geri çəkilməyə hazırlaşdığına dair iddialar ötən gün ildönümündə hiss edildimi? Budəfəki “erməni soyqırımı” anım günü nə ilə fərqləndi?

Mövzunu Globalinfo.az-a şərh edən fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, Ermənistan “erməni soyqırımı” məsələsinin təbliği və gündəmdə saxlanılmasına əvvəlki kimi mövqe sərgiləmir:

“Çünki hazırkı Ermənistan hökuməti yeni mərhələyə qədəm qoyub. Rusiyanın sıxışdırdığı Ermənistanla Qərbə meylli hazırkı erməni hökuməti arasında müəyyən fərqlər var. Hökumətin bu il “erməni soyqırımı” ilə bağlı tədbirləri əvvəlkilər qədər parlaq olmadı. Burada əsasən erməni diasporu ön plana çıxmağa çalışır. İndiki Ermənistan hakimiyyəti fərqindədir ki, gələcəyini Qərblə bağlayırsa, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq məcburiyyətindədir. O cümlədən Türkiyənin müttəfiqi olan Azərbaycanla da əlaqələr qaydasına salınmalıdır”.

F.Ələkbərlinin sözlərinə görə, İrəvan hazırda öz taleyini həll etmək üçün çıxış yolu axtarır:

“Bu baxımdan “erməni soyqırımı” məsələsi onun Türkiyə ilə münasibətləri normallaşdırmasına maneə yaradır. Rəcəb Tayyib Ərdoğanın mövzu ilə bağlı açıq mesajları var. Türkiyə prezidenti bəyan edir ki, Ermənistan gələcəyi fərqli şəkildə görmək istəyirsə, “erməni soyqırımı” və torpaq iddialarından əl çəkməlidir. Nikol Paşinyanın Qazaxın işğalda olan 4 kəndinin təhvilinə razılıq verməsi, sərhədin müəyyənləşməsi, sülh istiqamətində atdığı addımlardan görünür ki, o da buna meyllidir. Lakin Ermənistanın üzərində çox ciddi təzyiqlər var. Bəzi Qərb dövlətləri, Rusiya ikili oynayırlar. Amma “erməni soyqırımı” məsələsi əvvəlki illərə nisbətən öz aktuallığını itirib”.

Ayşən Mustafa

Globalinfo.az