Ermənistana silahlar bu ölkə üzərindən daşınır: Əsas marşrut açıqlandı

Qərb Ermənistanı silahlandırması bilinən reallıqdır. Lakin bununla belə Ermənistana silahların hansı marşrut ilə və hansı ölkələrdən gəldiyi sualı aktuallaşır. Bəzi ekspertlər iddia edir ki, silahlar Bolqarıstan, Rumıniya vasitəsilə Gürcüstana, ordan isə Ermənistana gətirilir.

Maraqlıdır, Qərb Ermənistana silahı hansı marşrutla göndərir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Ermənistana Qərbdən göndərilən silahlar iki əsas marşrut üzrə hərəkət edir:

“Birincisi, silahlar Bolqarıstan, Rumıniya vasitəsilə Gürcüstana, ordan isə Ermənistana göndərilir;

İkincisi, silahlar hava yolu ilə İrana, ordan isə Ermənistana göndərilir;

Birincisi, marşrut daha qısa və daha az xərclidir. Lakin həm Rumıniya, həm də Bolqarıstan Azərbaycanın iqtisadi-siyasi əməkdaşlarıdır. Azərbaycan bu ölkələrə qaz nəql edir. Bundan başqa, hər iki ölkə ilə gələcəkdə yaşıl enerjiyə dair sazişlər var. Bu ölkələrin Bakı ilə tərs düşməsi, belə riskə getməsi inandırıcı deyil.

Qabil Hüseynli

Gürcüstan ilə Azərbaycan arasında strateji sazişlər var. Rəsmi Tbilisi ərazisindən keçən silahlar barədə Bakıya məlumat verir. Yəni Gürcüstan bizim əleyhimizə çətin ki, belə bir addım atsın”.

Q.Hüseynli deyib ki, birinci marşrutun keçdiyi ölkələrin Azərbaycanla münasibətləri silahların Ermənistana ötürülməsini bloklayır:

“İkinci marşrut daha ağlabatandır. Yəni İran vasitəsilə silahlar Ermənistana çatdırıla bilər. Prinsip etibarilə son günlər İrandan Ermənistana daşınmaların sayı artıb. Həmin təyyarələrin silah daşımasına dair iddialar var. Bundan başqa unutmamaq lazımdır ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Rusiyadan Ermənistana verilən 500 tona yaxın silah-sursat, habelə separatçılara göndərilən silahlar da İran vasitəsilə danışıb. Bu mənada İran marşrutu Ermənistana silah daşımaq üçün daha məqbul və realdır”.

Turan Rzayev
Globalinfo.az