Milli Məclisin deputatı Hikmət Babaoğlunun Prime TV-də ermənilərə öz dillərində müraciət etməsi, o dildə danışa bilməsi ictimaiyyətdə maraqla qarşılanıb.
Globalinfo.az-a danışan Hikmət Babaoğlu Qərbi Azərbaycanda dünyaya gəldiyini bildirib.
O, başqa dillərə marağı olduğunu qeyd edib:
“Mən Qərbi Azərbaycanda doğulmuşam, orada böyümüşəm, orta məktəbi bitirmişəm və Qərbi Azərbaycanda olan bütün Azərbaycandilli məktəblərdə erməni dili tədris olunduğuna görə, bizə də erməni dili tədris olunurdu. Mənim də dil öyrənməyə marağım olduğu üçün erməni dilini həm yazı, həm də nitq səviyyəsində öyrənmişdim. Ondan sonra əlbəttə ki, bu dillə ünsiyyətimiz tamam kəsildi. Bir qədər sonra isə ermənidilli ədəbiyyatla işləməyə başladım. Bu o dövrdür ki, “Axtamar” kilsəsinin, “Sarı gəlin” mahansının tarixini yazırdım. İstər-istəməz yaddaşımda dil yenidən bərpa olunmağa başladı və bu dildə tərcümələr etdim. Çünki elə məsələlər var idi ki, onları sübut etmək üçün mütləq onun erməni versiyasını kitabda təqdim olunmalı idi”.
Deputat Qərbi Azərbaycandan gətirdiyi erməni-Azərbaycan dilində lüğət kitabının olduğunu deyib:
“Sovet dövründə belə bir kitab nəşr olunmuşdu və lüğət vasitəsilə yenidən dili bərpa etməyə başladım. Beləliklə, bu dil müəyyən səviyyədə yadımda qaldı. Dünənki efirdə birdən-birə aparıcının mənə erməni dilində müraciətindən sonra mən də bu dildə fikirlərimi çatdırdım. Ermənidilli izləyiciləri salamladım və Qərbi Azərbaycandan olduğumu, Amasiya rayonunun Göllü kəndində doğulduğumu, Ermənistana, öz vətənimə gəlmək, orada işləmək, yaşamaq istədiyimi dedim. Ona görə də erməni dili ilə mənim ələqələrim, ünsiyyətim bu səviyyədədir”.
Hikmət Babaoğlunun fikrincə, Qərbi Azərbaycana qayıdışla bağlı qəbul edilmiş bu sülh konsepsiyasının əsas məqsədlərindən biri də Qərbi Azərbaycana qayıdan zaman o dildən ünsiyyət vasitəsi kimi istifadə etmək bacarığının olmasıdır:
“Ona görə də, hazırda Bakı Dövlət Universitetində, bəzi tədris mərkəzlərində erməni dili tədris olunur. Düşmənin dilini bilmək olduqca vacibdir. Üstəlik də, əgər bizim niyyətimiz Qərbi Azərbaycana qayıdıb, orada yaşamaqdırsa, o zaman bu dili mənimsəmək də qayıtmaq istəyən hər bir azərbaycanlının nail olmağa çalışdığı bir işdir. Nəticə etibarilə, Qərbi Azərbaycana, Ermənistana qayıtsaq, oradakı rəsmi dövlət dili erməni dili olacaq. Bu dildə danışmaq isə iki istiqamətdə əlavə üstünlüklər yaradacaq: Həm erməni cəmiyyətinə inteqrasiya olunmaq üçün, həm də erməni dilində olan saxtalaşdırılmış tariximizin, mədəniyyətimizin öyrənilməsi və yenidən millətimizə, xalqımıza qazandırılması üçün”.
Zaira Akifqızı
Globalinfo.az