Ermənistan qarışdı, böyük son hazırlanır – “Sərhəddə təxribatlar ola bilər”

Son günlər Ermənistanda başlayan aksiyalar, etirazçıların strateji yolları bağlaması və polislə vətəndaşlar arasında yaşanan gərginlik İrəvanda yeni inqilab ehtimalını gündəmə gətirib.

Bu etirazların böyüməsi Nikol Paşinyanın devrilməsinə səbəb ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, hazırda baş verən aksiyaların ciddi nəticəsi olmayacaq:

“Ermənistanda 2020-ci ildən bu tərəfə daha böyük aksiyalar olub. Öyrədilmiş bir qrup şəxsin müəyyən istiqamətlərdə yolu bağlaması nəticəsiz qalacaq. Əvvəldən Nikol Paşinyanı devirmək istəyirlər. Xüsusən də maraqları təmin edilməyən ölkələr buna çalışır.

Hərbi ekspertin sözlərinə görə, delimitasiya və demarkasiya prosesi bundan sonra da davam etdiriləcək:

“Proseslərə təsir göstərə biləcək təxribatların olması da istisna deyil. Lakin hazırda Ermənistanda baş verən aksiyaların delimitasiya və demarkasiyaya problem yaradacağını düşünmürəm. Ermənistan parlamentinin spikeri Alen Simonyan rəsmi İrəvanın Azərbaycanla iqtisadi əlaqələri normallaşdırmaq, rəsmi Bakıdan qaz alışını təmin etmək istədiyini bildirib”.

Üzeyir Cəfərov Ermənistan Baş naziri Nikol Paşinyanın yaxın zamanda devriləcəyini düşünmür:

“O öz yolunu tutub və bu istiqamətdə fəaliyyət göstərir. Bu günə qədər Ermənistan rəhbərliyi arasında real düşünüb addım atan yeganə şəxs Paşinyandır. Onun hazırda devrilməsinin əleyhinəyəm. Türkiyə ilə bağlı da müsbət fikirləri var. Hətta Zəngəzur dəhlizi ilə əlaqədar da addımların atılması gözləniləndir”.

Safura Bənnayeva

Globalinfo.az