Rus general Ağdamda: “Sülhməramlıların Qarabağdan çıxması…”

Türkiyə-Rusiya arasında Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün növ hərbi əməliyyatların dayandırılması haqqında memorandum imzalandı, bundan iki ay sonra isə 2021-ci il yanvarın 30-da Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz işinə başladı.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində bildirib.

Onun sözlərinə görə, bu illər ərzində mərkəz hər üç ölkənin hərbçilərinin əlaqələndirmə və birgə fəaliyyətin uğurlu nümunəsi olub.

Rusiyalı general deyib ki, qarşıya qoyulan bütün tapşırıqlar dostluq və işgüzar münasibətlər şəraitində həll edilib: “Rusiya sülhməramlı kontingenti ilə birlikdə Qarabağ regionunun davamlı və münaqişədən uzaq şəraitdə inkişafı üçün mümkün olan bütün imkanlardan istifadə olunub. Mərkəzin qarşılıqlı anlaşma və beynəlxalq hüququn aliliyi prinsipləri əsasında qurulan qarşılıqlı fəaliyyəti sülhməramlı əməliyyatların vaxtından əvvəl və uğurla başa çatdırılmasına və Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ iqtisadi regionunun ərazisindən çıxarılmasına imkan verib. Biz bu mərkəzin nümunəsində planlı şəkildə həyata keçirilən fəaliyyətin nə qədər müsbət nəticə verdiyinin şahidi olduq”.

General qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri dostluq və mehriban qonşuluq şəraitində inkişaf edir, müxtəlif sahələri əhatə edən nəhəng iqtisadi layihələr icra olunur: “Bakı, Moskva və Ankara regional və beynəlxalq əhəmiyyətli məsələlərin həllində uğurlu koordinasiya həyata keçirir. Mən Rusiyanın müdafiə naziri və Baş Qərargah rəisinin adından hər üç ölkənin Cənubi Qafqazda sülh naminə vəzifə borclarını uğurla icra edən hərbçilərinə təşəkkür edirəm. Ümidvaram ki, biz bundan sonra da dövlətlərarası münasibətləri uğurla inkişaf etdirəcəyik”.