İrəvan seçim qarşısında: de-fakto müharibə, yoxsa…

Erməni politoloq Qriqor Balasanyan deyib ki, Ermənistanın KTMT-ni tərk etməsi mümkün görünmür. Ümumiyyətlə, son zamanlar erməni ekspertlər bu məsələ ilə bağlı bənzər formada neqativ mövqe sərgiləyir.

Maraqlıdır, Ermənistan KTMT-dən çıxmayacaq?

Politoloq Qədir Aslan Globalinfo.az-a deyib ki, Ermənistan nəinki KTMT-dən, ümumiyyətlə, Rusiyanın yaratdığı bütün hərbi, siyasi, iqtisadi strukturlardan çıxmaq istəyir:

“Lakin indiki məqamda bu elə də mümkün görünmür. Məsələ ondadır ki, Ermənistan həmin təşkilatlardan çıxmaq üçün alternativ tapmalıdır. Alternativ kimi İrəvan NATO və Avropa İttifaqını görür.

Qeyd etdiyim təşkilatlar isə Ermənistanı hazırkı reallıqlar ilə qəbul etmək istəmir. Belə ki, Ermənistan Azərbaycanla hələ sülh müqaviləsi imzalamayıb. Yəni de-fakto müharibə vəziyyəti davam edir. Bundan başqa, Türkiyə-Ermənistan münasibətləri də pisdir. Bu reallıqlar fonunda Qərb Ermənistanı çətin ki, həm NATO-ya, həm də Aİ-yə qəbul etsin.

Nikol Paşinyan bütün bunları bildiyi üçün bu gün Azərbaycanla sülh istiqamətində danışıqlar aparır, Bakının istəklərini yerinə yetirir. Paralel olaraq Türkiyə ilə münasibətlər də normallaşdırılır. Belə bir nəticəyə gəlmək olar ki, İrəvan Qərb ailəsinin bir parçası olmaqda qərarlıdır, lakin hələlik Rusiyaya ehtiyacı var. Buna görə İrəvanın KTMT-dən çıxması hələ bir müddət mümkün görünmür”.

Turan Rzayev
Globalinfo.az