Sərhədimizə dirənən təhlükə: Prezidentin toxunduğu məsələnin vacib detalları 

Aprelin 23-də, ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxış zamanı Prezident İlham Əliyev Azərbaycan sərhədlərinin bağlı qalmasını milli təhlükəsizlik məsələləri ilə əlaqələndirib.

“Sərhədləri bağlı saxlamaq qərarı kovidə görə verilib. Biz hələ də formal olaraq karantin fazasındayıq. Lakin eyni zamanda, açıq danışaq, sərhədləri bağlı saxlamaq qərarı təkcə ona əsaslanmır” – İ.Əliyev deyib.

Prezident sərhədlərin bağlı saxlanılması ilə bağlı danışdı, amma bəzi səbəblərdən mövzunu tam açıqlamadı.

Maraqlıdır, sərhədin o üzündəki təhlükə nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Prezident İlham Əliyev ADA Universitetində bir daha milli təhlükəsizliyimizin qorunması ilə bağlı mesajlar verdi:

“Ölkə başçısı xüsusilə bu prosesdə Azərbaycanın quru sərhədlərinin qorunması üçün oynadığı rola toxundu. Məsələ ondadır ki, aid olduğumuz region, yəni postsovet məkanı sabit deyil. Söhbət təkcə Cənubi Qafqazda deyil, bütövlükdə regiondan gedir.

Postsovet məkanında qalıcı sülh, sabitlik heç vaxt əldə edilməyib. Bu gün Ermənistanla Azərbaycan arasında gərginlik səngiyib, sülh istiqamətində addımlar atılsa belə, bu, yekun sülh deyil. Təəssüf ki, baş verən bütün hadisələrə baxmayaraq sülhün qalıcı olması ilə bağlı yekun nəsə demək olmur. Buna görə də təhlükəsizliyimizi hər zaman qorumalıyıq”.

Hikmət Babaoğlu deyib ki, Cənubi Qafqazda yeni reallığı qəbul edə bilməyən, barışmayan ölkələr var: 

“Regiondankənar qüvvələr də sülhün olmasında maraqlı deyil. Bu ölkələr bu gün faktiki olaraq ölkəmizdəki səfirliklər, diplomatik nümayəndəliklərə qarşı teraktlar planlayır. Misal üçün, Fransa vətəndaşı olan şəxslərin Azərbaycan metrosunun deposuna girib foto paylaşması, hesab edirəm, ciddi bir xəbərdarlıqdır. Yəni verilən mesaj budur ki, “foto çəkməyib, başqa şeylər də edə bilərdik”.

Bu təhdidlər bu gün də qalır və ölkə başçısı əslində bunları nəzərdə tutub görülən qabaqlayıcı tədbirlərin əbəs olmadığı mesajını verdi”.

Turan Rzayev 

Globalinfo.az