Hüquq müdafiəçisi və keçmiş dustaq Elmira Süleymanovanı belə xatırladı

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova aprelin 25-də vəfat edib.

Sabiq ombudsmanı tanıyanlar onunla bağlı fikirlərini Globalinfo.az-a bölüşüblər.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu E.Süleymanova ilə çoxdan tanış olduğunu bildirib:

“Hətta o, ombudsman olmadan daha əvvəl tanış idik. İkimiz də kimyaçıyıq axı. Onunla münasibətimiz hər zaman gözəl olub və bir-birimizə hörmətlə yanaşmışıq. Elmira Süleymanova ombudsman olduğu dövrlərdə ona müraciət etdiyimdə komandası məsələni canla-başla həll edirdi. İmkanı olanda hər zaman həbsdə olanlarla bağlı müraciətimə baxır və köməklik göstərirdi. Allah rəhmət eləsin. Çox savadlı, gözəl xanım idi”.

Politoloq Əhəd Məmmədli zamanında məhbuslarla bağlı məlumatların ombudsmana olduğu kimi çatdırılmadığını bildirib:

“Açığı, keçmiş siyasi məhbus olaraq Elmira Süleymanovanın fəaliyyəti məni qane etmirdi. Amma Elmira xanımı şəxsən tanımırdım, görməmişəm. O zaman əslən Şuşadan olan bir nəfər ombudsman nümayəndəsi gəlir, maraqlanırdı. Həmişə olduğu kimi, ombudsmana hər şeyin “yaxşı” olduğunu demişdilər. Vəfat edən birinin haqqında neqativ danışmaq yaxşı deyil. Ona görə də, Elmira xanıma Allah rəhmət eləsin! Ailəsinə, yaxınlarına başsağlığı verirəm”.

Qeyd edək ki, Elmira Sülüymanova bu gün 87 yaşında vəfat edib.

Zaira Akifqızı
Globalinfo.az