Araikin Qarabağ “qapısı”nın bağlandığı gün – “Əgər qəbul etsəydi…”

Laçın yolunda Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulmasının 1 ili tamam oldu. Bu, Azərbaycanın suverenliyinin bərpa olunması baxımdan tarixi hadisə idi. Məhz bundan sonra azərbaycanlılara qarşı soyqırım əməllərində iştirak edən terrorçular saxlanıldı. Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan kimi canilərin də Qarabağdan qaçış “qapısı” bağlandı.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, 12 dekabr 2022-ci ildə Laçın yolunda ekoloji cinayətlərə qarşı Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin başladığı etiraz aksiyası 23 apreldə Laçın yolunda DSX-nin nəzarət-buraxılış məntəqəsinin istifadəyə verilməsi ilə nəticələndi:

“Buna qədər Laçın yolundan qanunsuz istifadənin şahidi idik. Kifayət qədər texniki və nəzarət imkanlarımız var idi. Bütün strateji yüksəkliklər – Fərrux, Qırxqız, Buzluq, Sarıbaba, Laçındağ və Üçdik nəzarətimizə keçmişdi. 12-14 sentyabrda Ermənistanın təxribat xarakterli addımlarından sonra bütün sərhədboyu ərazilərdə – Murov yüksəkliyindən Araz çayına qədər olan hissə işğaldan azad edilmişdi”.

Politoloqun sözlərinə görə, qanunsuzluqlarla əlaqədar rəsmi İrəvana, separatçılara dəfələrlə etdiyimiz çağırışların nəticəsi olmadı:

Xəyal Bəşirov

“Sərhəddən keçidlərə tam nəzarət etsək də, ərazilərimizdə “boz zona” yaradan terrorçu qruplaşmalar var idi. Mayın 28-də Prezident İlham Əliyev Laçında səfərdə olarkən həmin terrorçu qruplaşmalara silahı yerə qoymaqla bağlı çağırış etmişdi. Əgər onda silahı yerə qoysaydılar, Azərbaycan qanunvericiliyinə uyğun olaraq amnistiya aktına düşmək imkanı əldə edə bilərdilər. Lakin prosesə laqeydlik nümayiş etdirdilər. Bu da Azərbaycanı antiterror əməliyyatları keçirməyə məcbur etdi. Ordumuz çox qısa müddət ərzində sözünü dedi. Proses dəqiqlik, operativlik, Azərbaycanın maraqlarına xidmət etməsi, beynəlxalq hüququn prinsiplərinə uyğunluğu, BMT nizamnaməsinə əsasən Azərbaycanın bütün ərazilərində suverenliyini bərpa etməsi baxımından unikal hadisə oldu. Bunun nəticəsində illərdir torpaqlarımıza, vətəndaşlarımıza qarşı cinayətlərə əl atan separatçı rejimin ünsürləri zərərsizləşdirildi”.

Politoloq vurğulayıb ki, növbəti mərhələdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpa edilməsi və Zəngəzur dəhlizinin açılması istiqamətində proseslərin şahidi ola bilərik.

Safura Bənnayeva
Globalinfo.az