Husilər Qırmızı dənizdə 100-dən çox gəmiyə hücum etdi

Husilər Qırmızı və Ərəb dənizlərində 100-dən çox gəmiyə hücum edib.

Globalinfo.az xəbər verir ki, bunu husilərə məxsus “Al Masirah” telekanalında çıxış edən hərəkatın lideri Abdel Malek əl-Husi deyib.

“Hücum edilən gəmilərin sayı 102-yə çatıb. Orta hesabla husilər iki gündə bir gəmiyə zərbə vurur”, – deyə o bildirib.

Qeyd edək ki, Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra husilər İsrail ərazisini atəşə tutacaqlarını və gəmilərin Qırmızı dənizdən və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini açıqlayıblar.

Husilərə cavab olaraq Amerika hakimiyyəti Qırmızı dənizdə gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradıldığını elan edib. Bundan sonra Böyük Britaniya və ABŞ silahlı qüvvələri mütəmadi olaraq Yəmənin müxtəlif əyalətlərində üsyançıların hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.

Əliyar Xəlil
Globalinfo.az